Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.
Zəfər Günümüz yetişdi. Zəfər! - Biz onu çox gözləmiş, ona çox həsrət cəkmiş və də çox inanmışdıq! İnam olmasaydı və yalnız ümid, arzu kateqoriyasında hiss-həyacana, gözləntiyə sahib olsaydıq, Zəfər mümkün ola bilərdimi? İnam heç bir maneəyə, keçilməz deyilən "Ohonyan xətti"nə, dağılmaz deyilən bunkerlərə, bilinməz sanılan tunellərə... baxmayaraq, bizi irəli apardı. O irəlidə Şusa vardı: "Şusasız bizim işimiz yarımçıq qalar"dı...
Şuşa Qarabağın simvol şəhəridir. Şuşayadək olan əraziləri azad etməyimizlə müəyyən dərəcədə barışan, nəhayətdə etiraf edən işgalçı tərəf, zənn edirdi ki, "daglarda toy" çaldıqları inci şəhəri əldən verməzlər. İşgalçı tərəf, haqsız tərəf əlbəttə qorxaq olur; qorxduğu üçün hər cür zalımlıqlar edir və himayədarlarına arxalanır; görünür, işğalçi Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan Ali Baş Komandanının prinsipiallığını, siyasi iradəsini düzgün qiymətləndirə bilməmişdi.
Qarabağın işğalına göz yuman, işğalçı ilə işğala məruz qalan tərəfi bir tutan
ikili standartlar dünyası ilə barışmayan güclü, ədalətli Türkiyə kimi bir qonşumuzun olduğunu da dərindən dəyərləndirə bilməmişdi Ermənistan. Və o, güclü, ədalətli qonşu bizim özbəöz qardaşımızdı! - Bizi tək qoymadı, ilk gündən öz mənəvi, siyasi dəstəyini göstərdi.
Düsmənlər dövlət-xalq birliyimizin təntənəsini də təsəvvür etmirdi. İşğalçılıq siyasəti (daha doğrusu, praktikası), uzun surən haqsızlıq, ədalətsizlik erməni idarəçilərinin, dünya erməniliyinin ağlını sifirlamışdı sanki. Hər kəs onlara borcludur, onlar ən qədim mədəniyyətə sahibdir, onlar yenilməzdir, "beynəlxalq birlik "xristian Ermənistan"ın haqsızlığını "müsəlman Azərbaycan"ın haqqından üstün tutmaqda davam etməlidir" və s. sərsəmləmələr... Lakin unutdular ki, "dünya beşdən böyükdür"; anlamadılar ki,
haqq nazilər, üzülməz; qəbul etmədilər ki, üz-üzə qaldıqları dövlət Qafqazın ən aparıcı dövlətidir.
Və Qafqazın ən aparcı ölkəsi titulunu bizimçün təmin edən güclü orduya, vətənpərvər gəncliyə, xalqına candan bağlı dövlət başçısına malikik.
Əlbəttə, Qafqazın ən aparıcı dövləti olmaq, gərgin əmək, düşünülmüş iqtisadi-siyasi fəaliyyət və məqsədyönlü ordu quruculuğu sayəsində mümkün olmuşdu. Bu isə tarixi məqam yetişincə saat mexanizmi kimi işə düşən, Zəfərə aparan qarşısıalınmaz ümumxalq hərəkatına çevriləcəkdi... Çevrildi də!
Bu anlamlı gündə şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə şəfa, müharibənin bütün iştirakçılarına möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm!
Bizim işimiz haqq işi olub, haqq işidir və biz Zəfərimizi yeni uğurlarla taclandıracağıq!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?