Bir müddətdir ki, yerli polis idarələrində müvəqqəti yaşayış qeydiyyatındakı vətəndaşların kütləvi şəkildə qeydiyyatının ləğvi ilə bağlı şikayətlər eşidilir.
"Biz təsadüfən öyrəndik ki, illərdir müvəqqəti qeydiyyatda olduğumuz polis idarəsindən çıxarılmışıq, bizə də bu barədə xəbər verməyiblər," - Bakı sakini İlhamə Məmmədova BBC News Azərbaycancaya deyib.
İndiyə kimi daimi yaşayış yeri olmayan şəxslər yerli polis idarələrində müvəqqəti qeydiyyata düşə bilirdilər.
Hüquqşünas Zibeydə Zəkəriyyayeva başqa yerdə qeydiyyata düşmək imkanı olmayan vətəndaşların polis idarələrindəki müvəqqəti yaşayış qeydiyyatının ləğv edilməsini qanun pozuntusu sayır.
Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyev BBC-yə bildirib ki, polis idarələrində vətəndaşların qeydiyyatı "mövcud pərakəndəliyi aradan qaldırmaq" məqsədi ilə ləğv edilir.
"Dedilər ki, Daxili İşlər Nazirliyinin bununla bağlı qərarı var"
İllərdi ki, Bakının Nizami rayonu polis idarəsində müvəqqəti yaşayış qeydiyyatında olmuş İlhamə Məmmədova təsadüfən öyrənib ki, özü və iki övladı xəbərdarlıq edilmədən qeydiyyatından çıxarılıblar.
Heç bir yerdə daimi və ya müvəqətti qeydiyyatları olmadığı üçün də ailənin yerli səhiyyə xidmətindən istifadə etmək imkanları məhdudlaşıb: "Qızım xəstəydi, ona poliklinikadan bülleten açdırmaq istədik ki, işə gedəndə təqdim etsin. Dedilər ki, adı siyahıda yoxdu, halbuki həmişə xidmətindən istifadə etdiyimiz poliklinikadır".
Nə baş verdiyini aydınlaşdırmaq istəyən ailə o zaman bilib ki, onların müvəqqəti yaşayış qeydiyyatı ləğv olunub:
"Dedilər ki, Daxili İşlər Nazirliyinin bununla bağlı qərarı var. Nizami Polis idarəsindən bizə dedilər ki, onlarda müvəqqəti yaşayış qeydiyyatında olan şəxslərin hamısının qeydiyyatı ləğv olunub".
Məmmədovlar ailəsinin şəxsi evi var, amma evə çıxarış sənədi ala bilmədikləri üçün onlar bura daimi qeydiyyata düşə bilmirlər:
"Təsəvvür edin, birdən-birə "havada qaldıq". Məcburduq, kiminsə evinə qeydiyyata düşək, amma bilirsiz, heç kim, lap qohum-əqrəba olsun, heç kimi evinə qeydiyyata almaq istəmir".
"Mənə dedilər, bura boş yerə gəlmə"
Bakı sakini, 2005-ci ildən Sabunçu rayon polisində qeydiyyatda olan 55 yaşlı Nübar Qurbanova da keçirdiyi xəstəliklərə görə əlillik dərəcəsi almaq istəyəndə xəbər tutub ki, onun müvəqqəti yaşayış qeydiyyatı ləğv edilib.
Buna görə də əlillik dərəcəsinin verilməsi üçün lazım olan sənədləri düzəldə bilmədiyindən əlillik müavinəti almaq imkanını da itirib:
"Sabunçu rayon polisinə neçə dəfə müraciət etdim. Mənə dedilər ki, bura boş yerə gəlmə, prezidentin bununla bağlı əmri var. Bütün "pasportstol" qeydiyyatında olanlar çıxarılır," - Nübar Qurbanova əlavə edib.
Hüquqşünas Zibeydə Zəkəriyyayeva polis idarələrində vətəndaşların müvəqqəti yaşayış qeydiyyatına düşməsinin ləğvini qanunsuz sayır.
"Bugünədək inzibati qeydiyyatdan çıxarılan bir neçə şəxsin şikayəti əsasında, onların həmin rayon üzrə yenidən polis qeydiyyatına alınmasına nail olmuşuq," - hüquqşünas qeyd edib.
Zibeydə Zəkəriyyayeva deyir ki, vətəndaşın yaşayış üzrə daimi və ya müvəqqəti qeydiyyatı olmayanda o, bəzi zəruri xidmətlərdən məhrum olur, məsələn, pensiya ala, tibbi sığortadan istifadə edə bilmir:
"Yaşayış yeri olmasa, ilk olaraq şəxsiyyət vəsiqəsi verilmir və ya şəxsiyyət vəsiqəsini dəyişmək zamanı çatanda şəxs bunu edə bilməyəcək. Azərbaycanda isə işə girəndə, tibbi müəssisədə qeydiyyata düşəndə, pensiya almaq istəyəndə və bu kimi bir çox yerdə şəxsiyyət vəsiqəsi tələb edilir. İndi daimi qeydiyyata düşmək üçün heç yerdə evi olmayanlar nə etsinlər?"
"Bu, pərakəndəliyi aradan qaldırmaq üçündür"
DİN sözçüsü Elşad Hacıyev deyir ki, vətəndaşların polis idarələrində müvəqqəti qeydiyyatının ləğvi "mövcud pərakəndəliyi" aradan qaldırmaq üçündür.
BBC-yə açıqlamasında Elşad Hacıyevin sözlərinə görə, bir çox hallarda, məsələn, evlənmə-boşanma, hərbi səfərbərlik və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis idarəsinə sorğular daxil olanda bəzi "neqativ hallar" müşahidə olunurdu. Yəni, polisdə müvəqqəti qeydiyyatda olan adamları lazım olanda tapmaq çətinliyi yaranırdı: "Görülən tədbirlərin də məqsədi məhz bu cür halların qarşısını almağa yönəlib".
Elşad Hacıyev əlavə edib ki, heç bir yerdə qeydiyyata düşmək imkanı olmayan vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis idarəsinə müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. O bu halda qeydiyyat məsələsinə təkrar baxıla biləcəyini vurğulayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?