5 may tarixində Medianın İnkişafı Agentliyində “E-KÖŞK” qəzet və jurnalların elektron yayım platformasının təqdimatı olub.
Çap mediası subyektlərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyaların nəzərə alınaraq hazırlanan “E-köşk” portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır. Vurğulanıb ki, plaformanın ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsi, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaratması nəzərdə tutulur. Qeyd olunub ki, “E-köşk” portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana biləcəklər.
Baş redaktorlar bu platformanın ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması, iqtisadi dayanıqlılığının artırılması və informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi istiqamətində innovativ addım olduğunu qeyd ediblər. Sonra layihə ətrafında səsləndirilən təkliflər nəzərə alınmaqla, “E- köşk” layihəsinin yekun variantının hazırlanaraq ictimaiyyətə təqdim olunması ilə bağlı qərar qəbul olunub.
Tədbirdə həmçinin Medianın İnkişafı Agentliyi tərəfindən media subyektləri üçün hazırlanan “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı müzakirələr keçirilib. Bildirilib ki, hazırda media subyektlərində həmin nümunəvi formaya əsasən, müzakirələr aparılır və media subyektlərinin özləri tərəfindən onların təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası qaydalarının təsdiq olunması prosesinə başlanıb.
Qeyd olunub ki, bu qaydaların tətbiq olunması, hər bir media subyektində müəlliflik hüquqlarının qorunmasına və ümumilikdə media sahəsində peşə etikasına ciddi riayət olunması prosesinə təkan verəcək.
Sorğu
Yeni dizaynımız necədir?