Təbriz bələdiyyəsinin tarixi binasının şəhər şurası tərəfindən boşaldılması və bu şuranın iclas yerinin başqa yerə köçürülməsinin bir neçə ildir ki, vacibliyi və əhəmiyyəti vurğulansa da, lakin icra olunmur.
Hökumət xəbər agentliklərində dərc edilən məlumata görə, Təbriz bələdiyyə binası məhv olmaq və dağılmaq təhlükəsi ilə üz-üzədir və şəhər şurasının iclaslarının başqa binaya köçürülməsi məsələsi illər öncədən ortaya qoyulub, amma bununla bağlı hələlik heç bir əməli addım atılmayıb.
2018-ci ildə, yarı rəsmi ISNA xəbər agentliyində dərc edilən məlumatlara görə, Təbriz şəhər şurası mayın ortalarına qədər yeni binanın tikilməsi və həmin tarixi binanın muzey kimi istifadəsi ilə əlaqədar bələdiyyə büdcəsi müəyyənləşdirib.
Təbrizin o vaxtkı bələdiyyə başqanı yeni şuranın binasının 2019-cu ilin mart ayına kimi tamamlanacağını bildirmişdi. Lakin hələ ki, büdcədən kifayət qədər vəsait ayrılmadığına görə bina tikilməyib.
2013-cü ilə qədər Təbriz Bələdiyyə binası muzey kimi istifadə olunurdu, həmin il bu muzey və içində olan əşyalar boşaldılaraq şəhər şurasının iclas yerinə çevrildi. Bu tarixdən sonra şəhər şurası üzvləri və bələdiyyə rəsmiləri dəfələrlə bu qədim binanın boşaldılıb yenidən muzeyə çevriləcəyinə söz versələr də, indiyədək buna nail olunmayıb.
Təbriz şəhərinin ən məşhur simvollarından biri kimi tanınan bu gözəl və tarixi binada şəhər şurası yerləşdiyi üçün binaya çox sayda insanın daxil olması nəticəsində ciddi dağıntılara məruz qalıb. Alman mühəndislərinin təqribən 80 il öncə binanın tikintisində o dövrdə ən yüksək keyfiyyətli materiallardan istifadə etməsinə baxmayaraq, binanın baxımsız qalması son illərdə onu məhv olmaq təhlükəsi ilə üz-üzə qoyub.
İRNA agentliyinin ötən il təqdim etdiyi ətraflı hesabatda Təbriz bələdiyyə binasının təmir planının təxminən 6 il əvvəl hazırlandığı yazılıb. Bu qərardan 7 il keçməsinə baxmayaraq, hələ ki, əməli iş görlməyib.
Fars xəbər agentliyi də binanın vəziyyəti ilə bağlı ötən il dərc etdiyi hesabatda “tədrici ölüm” ifadəsindən istifadə edərək, bu tarixi binanın dağıdılması prosesinin başladığını elan etmişdi.
Təbrizin tarixi binasının nəinki təcili şəkildə şəhər şurası üzvləri tərəfindən boşaldılması, həm də təmirinə və qorunmasına ehtiyac olduğu vurğulanır. Şəhər şurası üzvlərinin sözlərinə görə, bu tarixi abidənin damında deşiklər yaranıb və yağış yağanda binanın zalına su daxil olur, eyni zamanda, bir neçə yerdən binanın divarları rütubət içindədir.
Təbriz şəhərinin tarixi abidələrinin mühafizəsi ilə bağlı vəziyyət təkcə Təbrizdə milli fəallar tərəfindən tənqid olunmayıb. Şəhər şurasının üzvləri və vilayətin rəsmiləri də şəhərin tarixi abidələrinin acınacaqlı vəziyyətdə olmasını dəfələrlə tənqid ediblər.
Sorğu
Yeni dizaynımız necədir?