Sentyabrın 26-da Bakı apellyasiya məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə "Xural TV"nin rəhbəri Əvəz Zeynallı barəsində ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.
Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, apellyasiya şikayəti təmin edilməyib, Binəqədi rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Məhkəmədə iştirak edən Əvəz Zeynallı həbsinin siyasi sifariş olduğunu deyib.
Əvəz Zeynallının vəkili Aqil Layıc isə bildirib ki, müdafiə etdiyi şəxsin hüquqlarının müdafiəsi üçün Avropa məhkəmsinə müraciət ediləcək.
Zeynallıya qarşı 312-1-ci maddə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə daha bir ittiham irəli sürülüb.Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrıpn 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.
Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçib.
Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.
Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğnu bəyan edib.
Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyib. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.
ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinə bildirib ki, Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirlər.
"Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq" , səfirliyin mətbuat katibi qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?