Kommunizmin Azərbaycanda simvollarından olan Ramiz Mehdiyevin yadigarı Prezident Aparatının Sosial Tədqiqatlar Mərkəzi Sentyabr ayının 9-dan 13-nə London İqtisadiyyat Məktəbinin dəvətli professoru Qubad İbadoğlunun əleyhinə yalan və böhtan “araşdırması” hazırlayıblar və bu yalan silsiləsi 5 gün ardıcıl olaraq “Yeni Müsavat” qəzetinin onlayn versiyasında gedib. Mənim üçün maraqlı idi, görən qəzet bu cəfəngiyyatı çap versiyasında dərc edirmi? Amma məlum oldu ki, etmir. Çünki bu qədər yalana, sərhədsiz böhtana, hüdudsuz dezinformasiyaya bəlkə də kağız dözməzdi. Bu absurd silsilənin sonuncusu – yəni 5-cisi sentyabr ayının 13-də “Yeni Müsavat”da dərc olunub və yazının (əgər buna yazı demək mümkünsə) sonunda qəzet öz oxucularına vəd edib ki, bu absurdnamənin ardı var. Amma nə baş verdisə əvvəli “yalan hücumu” üzərində qurulan silsilənin iki gündür ardı gəlmir. Yəqin heç gəlməyəcək də. Çünki yazıda o qədər yalan var ki, onun topasın zibil yeşiyinə atsan, zibil qıcqırar.
Prezident Aparatının himayəsində olan Sosial Tədqiqatlar Mərkəzinin belə bir absurdnamə hazırlaması sadəcə olaraq bu qurumun yararsızlığından xəbər verir. Silsilə yazılar Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Tahirə Allahyarovanın imzası ilə getsə də, tək adam bu qədər absurdu uydura bilməzdi. Şübhəsiz ki, Mərkəzin kollektiv “əməyinin” məhsuludur və saxta ittihamla Qubad İbadoğunu həbs edən istintaqa informasiya dəstəyidir.
İnformasiya işinin qızıl qaydası var: İnformasiyanı kim verir, onun sözünə inam və etibar hansı səviyyədədir. İnformasiyanın mənbəyi nə dərəcədə etibarlıdır? Bunlar olmayandan sonra onun nə yazıb-yazmaması, nə deyib-deməməsi o qədər də mühüm deyil. İnformasiyanı verən hansısa bir qurumun sözünün etibarlılıq əmsalı sıfırın altındadırsa, bu yüz dəfə deyilən yalanın yüz birinci dəfə təkrarından ibarətdir. Əgər hansısa bir mətbuat, hansısa bir mərkəz dünyanın tanıdığı, qəbul etdiyi, etimad göstərdiyi iqtisadiyyat doktoru Qubad İbadoğlunu dezinformasiyada günahlandırırsa, indiki anda məsələnin açar sualı odur ki, siz London İqtisadiyyat və Siyasət Məktəbinin dəvətli professoru Qubad İbadoğlunun saxta dollar kəsməyinə inanırsınızmi? Siz ölkənin ən dünyəvi ziyalılarından, alimlərindən biri olan Qubad İbadoğlunun dini ekstrmizm yaydığına inanırmısınızmı? Hər şey bu suallara cavablardan asılıdır və qəzetin 5 nömrəsində onlayn dərc edilən absurdnamədə ümumiyyətlə bu məsələyə toxunulmur.
Gələk yazının aşağısında imzası olan Tahirə xanım Allahverdiyeva ilə bağlı məsələyə. Qubad bəyin Azərbaycan və dünya iqtisad elmində, iqtisadi maarifçilikdə yerini və rolunu dəyərləndirmək, social-iqtisadi analizlərinə qiymət vermək üçün müəyyən qədər iqtisadi biliklərə malik olmaq lazımdır. Dr. Qubad İbadoğlunun yalnız son 5 ildə (2018-2023) ölkənin ən etibarlı informasiya mənbəyi sayılan “Turan” Agentliyində ingilis dilində dərc olunmuş yazılarının, təhlillərinin ümumi həcmi 650 kompyuter səhifədir. Azərbaycan iqtisadi və social həyatından söhbət gedəndə dünyada məhz bu təhlillərə istinad edirlər, Sosial Tədqiqatlar Mərkəzinin cızmaqaralarına yox. Müəllifin və ya absurdnaməni hazırlayan kollektivin iqtisadiyyatla bağlı bilik səviyəsi çox aşağı olduğu üçün yalan silsiləsindən ən elementar şeylərdə ciddi səhvlərə yol verilib.
Yazıda müəllif kimi imzası gedən Mərkəzin idarə heyətinin üzvü Tahirə Allahverdiyevə görünür tapşırıq və təlimata uyğun olaraq Qubad bəy haqqında mənfi faktlar axtarıb. Həmin mənfi faktları tapa bilməyəndə onları uydurmalı olub, gercək faktlardan yan keçməli olub. Məsələn, nədənsə nə müəllifin, nə də Sosial Tədqiqatlar Mərkəzini kollektivinin yadına düşməyib ki, Qubad bəy orta məktəbi qızıl medalla bitirib, hələ orta məktəbdə oxuyarkən, Respublika olimpyadsının qalibi olub, 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Fərqlənmə diploma (Qırmızı diplom) ilə bitirib. Ali məktəbi bitirən kimi İqtsad Universitetində saxlanılıb və 4 il sonra 1996-cı ildə 25 yaşında uğurla namizədlik müdafiəsi edib alimlik dərəcəsi alıb. Görən, o dövrdə Azərbaycan aspirant və dissertantların neçə faizi ali məktəbi bitirdikdən sonra 4 il müddətinə namizədlik müdafiəsi edə bilirdi və neçə yaşında namizəd ola bilirdilər. Məsələn elə Qubad bəyi dezinformasiyada günahlandıran Tahirə xanım Allahverdiyevə 1981-ci ildə Bakı Dövlət Universitetini bitirib və 13 il sonra - 1994-cü ildə ekoloji mədəniyyətdən fəlsəfə üzrə namizədlik müdafiəsi edib. Fərq göz qabağındadır. Görünür meyarlar dəyişib. Nə deyəsən?
Sentyabrın 9-da dərc olunmuş birnci sicilləmədə müəllif yazır ki, “dezinformasiya müharibəsində qalib gəlmək üçün fake-saxta xəbərləri, onların arxasında duranların aşkarlanması, məqsədlərinin anında və çevik ifşası, cəmiyyətə əsil kimliyinin göstərilməsi kimi hücumçu mövqeyinə alternativ yoxdur.” Şübhəsiz ki, bu absurdnamədə alternativi olmayan “hücumçu mövqeyin” əsas hədəfi Qubad bəydir və ona çamur atılmasında söhbət gedir. Və bu “ifşa dedektorunda” məqsəd saxta ittihamla həbs edilmiş Əliyevin ailə hakimiyyətinin social-iqtisadi siyasətinin əsas tənqidçilərindən biri olan Qubad İbadoğlunun social mediada “professor, böyük alim, iqtisadçı” və s.kimi təqdim edilməsini ifşa etməkdir. Amma “ifşa dedektoru” tərsinə işləyib özünü ifşaya çevrilib. Bunun nümuələrindən birini yuxarıda qeyd etdik.
Əlbəttə bu absurdnamənin meydana gəlməsinin başlıca səbəbi Qubad İbadoğunun ölkədə və onun hüdudlarında kənarda geniş müdafiə kampaniyasının hökuməti narahat etməsi ilə bağlıdır. Mərkəzə də sifariş buna görə verilib. Qubad bəyin müdafiəsinin dairəsini müəyyənləşdirmək üçün social şəbəkələrə, Avropa Parlamentinin qətnaməsinə, BMT-nin, Britaniya Parlamentinin, Amerika konqresinin dinləmələrinə, “Vaşinqton Post”un, Nyu York Times”ın, “Guardian”ın yazılarına baxmaq yetərlidir. Şübhəsiz kimi hökumət bunu gözləmirdi. Əliyev rejimi “Yeni Müsavat” və “Səs” kimi nəinki ölkə xaricində, heç ölkə daxilində ictimai fikrə heç bir təsiri olmayan qəzetlərlə “Vaşinqton Post”a cavab verir. Zahid Orucun ölkə daxilində bir şeyə yaramayan Mərkəzi ilə Avropa Parlamenti, ABŞ konqresi, Britaniya parlamentinə cavab vermək cəhdləri gülməlidir, tək gülməli deyil həm də multfilmdir.
Adamlar 5 silsilə yazı hazırlayırlar sübut etsinlər ki, Qubad İbadoğlu “Professor” deyir. Əvvəla . Qubad bəy 15 ildən çoxdur Amerika və Avropanın müxtəlif universitetlərində çalışır. Həmin coğrafiyada professor olmaqdan ötrü elmlər doktoru olmağa ehtiyac yoxdur. PhD deyilən bir pilləli dissertasiya müdafiəsi var və ali məktəblərdə Professor, Assistant Professor, Lecture vəzifələrini tutmaq üçün bu yetərlidir. Əgər bir universitet bir alimi dəvətli professor vəzifəsinə təyin edirsə, onunla müəyyən müddətə müqavilə bağlayırsa bu professor deyil, bəs nədir? Olsun dəvətli professor. Əgər dünyanın tanınmış universitetləri belə yüksək etimadı Qubad bəyə göstərirlərsə, bundan qürur duymaq əvəzinə ağrısını siz niyə çəkirsiniz?
Yazıda iddia edilir ki, 1999-cu ildə Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılmış İqtisadi Tədqiqatlar Mərkəzi “qrantlarla o dərəcədə bağlı olub ki, onun məhz qrant layihələrin icrası üçün təsis edildiyini də demək olar”. Sual olunur qeyri-hökumət təşkilatı yalnız qrant əsasında işləyir, qanun onlara gəlir və ya mənfəət gətirən ayrı fəaliyyət növu ilə məşğul olmağı qadağan edir. QHT-nin işi ayrılan qrantları təyinatı üzrə işlətməkdən, vətəndaş cəmiyyətinin formalaşmasına dəstək verməkdən ibarətdir. Burada hansı criminal axtarır Mərkəz və ya müəllif.
Məhz bu qrant müstəvisində U dönüşü edib məsələni yönəldirlər “Qubad İbadoğlunun Novxanıdakı” dəyəri “100-200.000 manat olan” bağ evinə. Bu bir növ şüşə evdə oturub başqasına daş atmaqdır. Dediyimiz kimi Qubad bəy 15 ildən çoxdur Avropa və Amerika universitetlərində çalışıb yüksək əmək haqqı alır. Əgər Azərbaycanda 500-700 manat əmək haqqı alan bir professor bağ evi ala bilirsə, möhkəm valyuta ilə ondan 7-8 dəfə çox əmək haqqı alan bir alimin bağ evi almasında nə var. Amma əslində təəccüblü heç bu deyil, təccüblü İlham Əliyevin 11 yaşlı oğunun Dubayda 75 milyon dollar dəyərində villalar alması idi. Təəccüblü hakim ailənin üzvlərinin Londonu məhhəllə- məhəllə alması idi. Təəccüblü Azərbaycan Laundramati xətti ilə 4 milyarda dollar vəsaiti ölkədən gizli və natəmiz yolla çıxarmaq idi. Axı, bunlar daha vacib araşdırma mövzularıdır Mərkəz üçün, nəinki həmin korrupsiya əməllərini ifşa edən Qubad İbadoğlunun Novxanıdakı bağ evi.
Bu absurdnamədə Mərkəz-çilər uzun-uzadı Qubad İbadoğlunun CV-ləri arasında vurnuxurlar. Orada kriminal axtarırlar. Və guya hansısa mövcud olmayan təşkilatlarda təmsilçilik və rəhbərliklə bağlı CV-də nəsə gedib. Təşkilat mövcudluğuna son verə bilər, amma bu axı adamın həmin təşkilatda çalışmasını, həmin təşkilatda bir vaxtlar olmasını inkar etmir. Bunun CV-də niyə göstərmək olmaz? Və yazıda qeyd edilən “külli-miqdarda” qrantları Qubad və onun rəhbərlik etdiyi təşkilat gizlin, qaçaqçılıq yolu ilə almayıb ki, Azərbaycan qanunları əsasında alıb və ölkənin dövlət təşkilatlarında qeydiyyatdan keçirib. Yazıda Qubad İbadoğlunun avqust ayının 1-də guya Çinə CAREC Beyin Mərkəzləri Forumuna dəvət edilmədiyi də iddia edilir və bildirilir ki, bu yalandır və belə bir dəvət olmayıb və Qubad bəy bu təşkilatın məsləhət şurasının üzvü olmayıb. Əvvəla Qubad bəy dəfələrlə bu təşkilatın tədbirlərində iştirak edib. İkincisi, belə dəvətlər qəflətən ortaya çıxmır, bir qayda olaraq 4-5 ay, bəzən yarım il öncədən müəyyən edilir. Həbsindən 4-5 gün öncə biz Qubad bəylə görüşmüşük və o, Çində hansısa tədbirə gedəcəyini sözgəlişi demişdi. Siz adamla görüşməmisiniz, dəvətinin olub olmadığın bilmirsiniz, bunun “tamamilə yalan” olduğunu haradan bilirsiniz? Bəlkə qərəzçilik elə gözünüzü tutub, siz tamamilə yalan danışırsınız.
Bu absurdnamənin ikinci yazısı Qubad bəyin Rusiya Federasiyası Hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasında 3 il doktorluq proqramı üzərində çalışmasına həsr edilib. Əgər Qubad bəy bunu öz CV-lərinin hansısa birində göstərməyibsə, siz bunu haradan götürmüsünüz. Bəlkə bu yazını sifariş verən istintaq orqanları bu faktı sizə verib. Axı Mərkəz bu absurdnamədə elmi-sosioloji müəssisədən çox prokuror və polis mayoru rolunda çıxış edir. Ölkənin yarısı Rusiyada oxuyub, ölkənin prezidenti və birinci vitse-prezidenti Rusiyada oxuyub, onların uşaqları Rusiyada oxuyub, bunlar indi Rusiyada doktorluq proqramında olmağlı Qubad bəyə criminal kimi irəli sürürlər. Və tez diqqət ona yönəldilir ki, bəs sən demə “Baş akademik Aqanbekyan” orada kafedra müdiri işləyirmiş və hələ üstəlik dekan da erməni imiş. Və sanki Əliyev ailəsinin oxuduğu Rusiya ali məktəblərində bir nəfərdə erməni yox imiş. Ölkənin baş Sosial Tədqiqatlar Mərkəzi görün necə mənasız və çılız işlərlə məşğuldur. Tahirə Allahyarova Qubad bəyi 3 il ərzində doktorluq müdafiəsi edə bilməməkdə günahlandırır. Halbuki, Qərb universitetlərində çalışan alimlərə ümumiyyətlə bizdəki elmlər doktoru lazım deyil. Bizim namizədlik diplomu orada doktorluq kimi qəbul edilir. İkincisi həmin illər Qubad bəy Moskvada yox, Bakıda olub. Bunu məktəb istintaq orqanlarından dəqiqləşdirə bilər. Amma Tahirə xanım heç öz ü də 3 ilə doktor olmayıb axı. Namizədlik müdafiəsindən 13 il sonra “Sosial snergetika” adlı mücərrəd bir mövzudan doktorluq müdafiəsi edib və “Ekoloji mədəniyyət...” adlı namizədlik dissertasiyasını da 1999-cü ildə monoqrafiya kimi çap etdirib doktorluq işinin çap olunmuş əsərləri sırasına qoyub. Axı siz bu işə görə bir dəfə elmi dərəcə almısınız. Onu necə doktorluq dissertasiyasının nəşr olunmuş əsərləri siyahısına salırsınız. Niyə uzaq Moskvaya gedirsiniz? Sizin Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Akademiyanın Fotoelektronika İnstitutunun aspirantı olub, uzun müddət həmin institutda elmi işçi işləyib. Bəlkə ondan soruşasınız öz ixtisası üzrə niyə müdafiə edə bilməyib?
Absurdnamədə yanlış olaraq “Associate Professor” ifadəsi “professor köməkçisi” kimi təqdim edilir. Sübhəsiz ki, bu yanlışlıq Qubad bəyi aşağılamaq üçün edilib. Şimali Amarika və Britaniyada “Associate Professor” professerin köməkçisi deyil, “Assistant professor”la “Full professor”a arasında ayrıca bir pozisiyadır. “Visiting Professor” vəzifəsi isə bir qayda olaraq xaricdən və ölkə içində digər universitetlərdən dəvət olunan alimlərə verilir və bu kifayət qədər yüksək post sayılır. Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri də daxil, əməkdaşları Qubad bəyə təklif olunmuş bu yeksək vəzifələrə ancaq həsəd apara bilərlər. Və əgər Qubad bəy London İqtisad Məktəbi kimi dünya reytiqində ön yerlərdən birini tutan bir elm və təhsil mərkəzində “Visiting Professor” vəzifəsi tutursa, o, professordur, özü də gercəyindən, siyasi elmlər üzrə dərs deyib "denasifikasiya" sözünün mənasını bilməyəm YAP-çı professorlar kimi “donqli”sindən deyil.
Prezident aparatı üçün araşdırmalar aparan bir Tədqiqat Mərkəzi dünya təhsil sistemindən o qədər xəbərsizdir ki, sən Qərb Universitetinin məsələn “İncəsənət və elm Məktəbində” (School of Art and Science) və ya “Hüquq məktəbində” (School of Law) işləyib iqtisadiyyatdan kurs deyə bilərsən. Yalan Silsiləsində tez-tez "fake news”, “fake economy” ifadələrinə rast gəlinir, dillərinə bir dənə düz söz gəlmir, keçirdiyi sorğular hamısı fake, işsizliyin səviyyəsin 5 faizə endirmək fake, yoxsulluğun səviyyəsin 5 faizə endirmək fake, statistik rəqəmləri başdan-ayağa fake və durub ölkənin ən etibarlı iqtisadçısında zərrəbinlə fake axtarırlar. Fantaziyalar uydurub özlərini bu fantaziyalara inanan kimi göstərirlər. Azərbaycanın dünya universitetlərinin reytinq cədvəlində birinci minliyə düşən bircə dənə universiteti yoxdur, yekə-yekə Qərbin “beyin sömürgəçiliyi”ndən danışırlar. Əgər ölkə prezidentinin Sosial Tədqiqat Mərkəzi “Akademik Yardım Şurası”, “Beynəlxalq Təhsil İnstitutu” və digər ümumdünya qurumlarının adını absurdnamədə yazıldığı kimi birinci dəfə eşidirsə buna ancaq təəssüflənmək lazımdır. Dünyanın birinci minliyə düşən yüzlərlə qabaqcıl universitetləri təhsil sahəsində humanist-bəşəri missiyanı yerinə yetirən bu qurumlarla əməkdaşlıq edir.
Absurdnamənin 3-cü hissəsi daha çox Qubad İbadoğlunun müdafiə kampaniyasında fəal iştirak edənlərə qarşıdır. Burada hədəf kimi Qubad bəyin azad edilməsi petisiyasına başlamış Arien Mack götürülür və dünyada böyük nüfuzu olan, ümumbəşəri humanist ideyaların carçısı kimi tanınan fədakar bir xanıma qarşı ədəbsiz ifadələrdən istifadə edilir. Xanım Arien Mackın petisiyanın ilk cümləsində “23 iyul 2023-cü il tarixində “Sürgündə Yeni Universitet Konsorsiumunun” üzvü, azərbaycanlı iqtisadçı doktor Qubad İbadoğlunun Azərbaycanda həbs edildiyini öyrənmək bizi çox kədərləndirdi” yazması Tahirə xanımı da, Tədqiqat Mərkəzini də çox qəzəbləndirib. Bunlar elə bilirlər hamı bunlar kimi ailə-feodal rejiminə xidmət etməli, yalan istehsalı dəyirmanı işlətməlidir. Axı dünyanda Arien Mack kimi nəcib və fədakar insanlar var ki, hansı ölkədən olmasından asılı olmayaraq avtoritarların, totalitarların, diktatorların qəzəbinə düçar olan alimləri müdafiə edir. Axı belə bəşəri təşkilatlar olmasaydı dünya Eynşteynsiz qala bilərdi. Arien Mack onlarca təşkilat yaradıb, amma bizim hakim ailə kimi varlanmaq məqsədilə yaratmayıb, öz ölkəsinin büdcəsin talamayıb, ofşor hesablarda sərvət gizlətməyib, London və digər paytaxtları məhəllə-məhəllə almayıb, nəcib, bəşəri, humanizm ideyalarına, insanlığa yardım etmək üçün yaradıb, yüzlərlə, minlarla almi xilas edib, sözün tam mənasında nəcib və fədakar bir missiyanı yerinə yetirib və bu gün də yetirməkdə davam edir. Bu gün Rusiya təcavüzünə məruz qalmış ukraynalı alimləri sizin o lağa qoyduğunuz universitelərdə yerləşdirən evindən didərgin düşən insanlara arxa duran Arien Mack kimi insanlardır. Məhz Arien Mack kimi adamların fədakarlığı nəticəsində İslam İnqilabından sonra təqiblərə məruz qalan minlərlə alim xilas ola bildilər, yeni həyata adaptasiya ola bildilər. İranda həbs olunmuş alim Kian Tacbaxşi həbsdən azad etmək üçün petisiya və kampaniayay da elə Arien Mack başlamışdı. Sizin kimi ölkənin doğru-dürüst aliminə, ziyalısına, ölkəni dünyada tanıdan bir iqtisadçısına sifarişlə böhtan atanlar belə nəcib keyfiyyətlərdən məhrumdular. Bunlar Arien Mackın İrvin Rockla birlikdə bir kitab yazıb (İnattentional Blindness) məşhur olmasının dərdini çəkirlər. Daha başa düşmürlər ki, dövlətin büdcə vəsaiti hesabına yazdıqları öz cızmaqaralar heç nəyə yaramır və dünya məhz xanım Mack-ın yazdığı o bir kitaba istinad edir. İnternet resursların skrin edib ard-arda düzmək haçandan tədqiqat olub?
Qərbdə xeyriyyəçilik yüksək qiymətləndirilən bir keyfiyyətdir. Arien Macka qarşı böhtanlarında absurdnamədə erməni kartı önə çəkilir, onun uzun müddət Karnegi fonduna rəhbərlik etmiş Təbriz ermənisi Vartan Qriqoryanla dost olmasın, Qriqoryanın ona qrantlar ayırmasın önə çəkilir. Əgər Vartan Qriqoryan humanitar xarakerli fəaliyyətlə məşğul olan Mackın təşkilatlarına şəffaf şəkildə Karnegi fondundan qrant ayırıbsa, öz ölkələrində təqib olunan alimlərə dəstək veribsə bunun nəyi pisdir. Pis olan Avropa Şurasının deputatlarını gizli rüşvət paylamaqla ələ almaqdır. Pis olan Azərbaycanın büdcə vəsaitlərini natəmiz yollarla London ofşorlarına göndərməkdir. Halbuki böyük səxavətlə beynəlxalq rüşvət şəbəkəsinə paylanan o rüşvət milyonlarının hər manatına Azərbaycan vətəndaşlarının ehtiyacı var.
Absurdnamədə əsas ittihamlardan biri də Arien Mackın direktoru olduğu “Sürgündə Yeni Universitet Konsorsiumu” komandasının kollektiv fotosunda Qubad bəyin ailəvi fotosunun olmasıdır. Sən demə o kollektiv fotoda Ararat Osipyan adlı bir Ukrayna ermənisi də varmış və ölkənin ciddi işlərlə məşğul olmalı olan Sosial Tədqiqatlar Mərkəzi uzun axtarışlardan sonra bunu tapıb. Əgər Qubad İbadoğunun dünyada humanist missiya yerinə yetirən Arien Mack və onun komandası ilə ailəvi şəkili varsa, buna ancaq təqdir etmək lazımdır. Azərbaycan Laundramatı korrupsiya şəbəkəsi vasitəsi ilə Avropa parlament üzvlərini rüşvətlə ələ alıb onlarla şəkil çəkdirməkdən utanmaq lazımdır, “Kürü diplomatiyası” korrupsiya şəbəkəsində Azərbaycandan rüşvət almış və buna görə həbs edilmiş Luka Valonta ilə şəkil çəkdirməkdən utanmaq lazımdır. Londonda müsadirə edilmiş Azərbaycandan oğurlanan pullara görə utanmaq lazımdır. Təəsüf doğuran haldır ki, Sosial Tədqiqatlar Mərkəzi sadəcə olaraq tədqiqatla yox, irqçiliklə məşğuldur və Absurdnamə bütövlükdə bu irqçilik üzərində qurulub.
Qəzəb insanı kör edər deyiblər. Bu cızmaqarada bir yerdə qeyd edilir ki, Qubad bəyin Rutgers Universitetində oxuduğu “Müqayisəli siyasət: sosial hərəkatlar” mövzunda mühazirəyə toxunub “Sosial hərəkatlar” – iqtisadçı mövzusu deyil deyə şərh verirlər. Olar bilər Sosial Tədqiqatlar Mərkəzinin direktoru Texniki Universitetdə təhsil alıb, Akademiyanın Fotoelektronika İnstitutunun aspirantı olub, yazının müəllif Tahirə Allahyaraova “Ekologiya mədəniyyəti” mövzunda elmə gəlib bu şeyləri yaxşı bilmirlər. Axı, sosial həyat iqtisadi həyatın ayrılmaz bir hissəsidir və sosial hərəkatlar da siyasi xarakterdən daha çox iqtisadi məzmuna malikdir. Bunlar arasında necə sədd çəkmək olar. Bunlar hətta Qubad bəyin Londona getməsində belə kriminal axtarırlar. Bəli Londonda kriminal vardır. Bu kriminal da Qubad bəyin işlədiyi London İqtisad Məktəbinin ətrafında olan köhnə məhəlləri Əliyev ailəsinin Azərbaycandan mənimsədiyi korrupsiya pulları ilə almaları idi.
Absurdnamədə tək Qubad bəylə kifayətlənmirlər ölkənin ən tanınmış ictimai xadimlərindən olan Leyla Əliyevaya da dil uzadırlar. Leyla xanım bu ölkənin maraqların beynəlxalq aləmdə uğurla qoruyan, müdafiə edən, sözü qəbul edilən, Qarabağla bağlı beynəlxalq müzakirələrdə Azərbaycanı təmsil edən ən hazırlıqlı adamlardan biridir. Leila xanım beynəlxalq aləmdə Qarabağla bağlı ən çox araşdırmaların, çıxışların müəlliflərindən biridir. Avropa parlamentinin bu yaxınlarda nəşr etdiyi “The European Union's relations with Armenia and Azerbaijan: European Implementation Assessment” kitabın Azərbaycan bölməsini də məhz Leyla Əliyeva yazıb. https://www.europarl.europa.eu/.../EPRS_STU(2022)734676
Sizin kimiləri Biləcəridən o tərəfə tanıyan kimdir. Əslində heç Biləcəridən bu tərəfə də tanıyan yoxdur. Leyla xanımın dediyi sözə inam var, etimad var. Oksford kimi bir düya elm və təhsil mərkəzində çalışır. Bəli Leyla xanım Əliyeva və Qubad İbadoğlunun Arien Mackın Universitetində birgə yüksək səviyyəli seminarlarda keçiriblər Azərbaycanın işğal altında olan ərazilərinin zəruriliyini müzakirəyə çıxarıblar. Həmin seminarların birində Qubad bəy dinləyicilərə dedi ki, mənim ailəm Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərindəndir və 27-28 ildir mən işğal zonasında qalan atamın məzarını ziyarət edə bilmirəm. Yeri gəlmişkən Qubad bəyə qarşı bu qədər böhtan ata bilirsiniz, amma niyə vurnuxduğunuz o internet resurslarında dünyaca ünlü Routledge nəşriyyatında professor Hakan Yavuz və Michael Gunter-in redaktəsi ilə Nyu York və Londonda nəşr edilən “Dağlıq Qarabağ münaqişəsi Tarixi və siyasi perspektivlər” (The Nagorno-Karabakh Conflict Historical and Political Perspectives) kitabı gözünüzə dəymədi. Axı o kitabın “İkinci Qarabağ müharibəsinin səbəbləri və nəticələri” adlı bölməsini digər bir müəlliflə birlikdə Londonda işləyərkən dəvətli professor Qubad İbadoğlu yazıb, həm də heç bir maddi təmənna güdmədən. Axı, bu Qərb dünyasında Qarabağ haqqında Azərbaycanın maraqlarını əks etdirən hələlik ən mükəmməl nəşrdir. Bu silsilə absurdnaməni yazanda belə həssas məqamlara da toxunmaq lazımdır. Niyə başa düşmürsünüz ki, sizin cızmaqaralar heçnəyə yaramır. Ölkənin maraqlar beynəlxalq aləmdə layiqincə müdafiə edənlərə də böhtan atırsınız.
Absurdnamənin 5-ci yazısı ümumiyyətlə mücərrəd emprizmin cəfəngiyyat zirvəsi hesab edilə bilər. Ölkənin bu qədər problemləri, dərdi səri olduğu halda Sosial Tədqiqatlar Mərkəzi saxta ittihmala həbs edilmiş Qubad bəyin istintaqına hal şahidliyi missiyasını öz üzərinə alıb. Yalanın biri devalvasiya olmuş rus qəpiyi qiymətinədir. Yazıda Qubad bəyin bir vaxtlar çalışdığı Şimali Karolina Universitetinin “Slavyan, Avrasiya və Şərqi Avvropa” bölümünün rəhbəri Klavdiya Yaqubi tərəfindən müdafiə etməsindən bir macara düzəldilib. Bunu ABŞ-dakı İran diasporunun Qubad bəyə dəstəyi kimi şərh ediblər. Milliyyətindən asılı olmayaraq bütün normal adamlar haqsızlığa qarşı çıxırsa, saxta ittimla həbs edilin bir alimin müdafiəsinə qalxırsa bunu təqdir etmək lazımdır. Bunlar elə bilir hamı bunlar kimi polis düşüncəsinin əsiri olmalıdır, istintaqa şahidlik etməlidir, feodal düşüncəsinin girdabına yuvarlanmalıdır, irqçilik mərəzinə tutulmalıdır. Deməli Məhəmməd Rza şahın oğlunu Amerikada Azərbaycan səfirliyinin tədbirinə dəvət etmək olar, xanımını Bakıya qonaq çağırmaq olar, amma İran mənşəli kimsə Qubad bəyin müdafiəsinə imza atırsa bu olur bu olur anti-Azərbaycan cəhdi. Bir çürük budağda oturub min budağı silkələyirlər. Fətulla Gülən şəbəkəsi ilə iç-içə olan bunlar, Gülən şəbəkəsi vasitəsi ilə ABŞ konqres üzvlərini seçki ərəfəsində Bakıya gətirən bunlar, Gülənçilərin xidmətinə Azərbaycanda “Xəzər” televiziyasın, Qafqaz universitetin verən bunlar, Fətulla Gülənə Xoca Əfəndi təşbehin deyən bunlar, Fətulla Gülənin Bakıda kitabların nəşr edən, ön söz yazan bunlar, amma nədənsə absurdnamədə dünyəvi alim Qubad İbadoğunu Gülənçi çıxarmağa cəhdlər var.
Adam öz özünə fikirləşir ki, bu absurd sicilləməsini necə publika qarşına çıxarmaq olar. Doğrudan da bunlar içində bir ağlı kəsən kimsə yoxdur bu cəfəngiyyata dur desin, dayan desin. Görünür elə buna görə absurdnamənin “Yeni Müsavat”da dərci yarımçıq dayandırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?