Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Toplum Tv işi" üzrə həbs olunan 4 nəfərin həbs qətimkan tədbiri uzadılıb
İyulun 3-də Xətai Rayon Məhkəməsində "Demokratik Təşəbbüslər İnstitutu"nun (DTİ) həbs olunan əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev, eləcə də "Toplum Tv"nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində həbs qətimkan tədbiri uzadılıb.
Ələsgər Məmmədlinin vəkili Aqil Layıc bildirib ki, müvəkkilinin səhhətindəki ciddi problemlərə baxmayaraq, məhkəmə istintaqın onun ilkin həbs müddətinin daha 3 ay uzadılması haqqında vəsatətini təmin edib.
"Məmmədlinin səhhəti stabil-ağır olaraq qalır. Ələsgər bəyin qalxanabənzər vəzində şişlərlə əlaqədar yalnız boğazının sol tərəfindən biopsiya götürülüb, bir halda ki, böyük şiş sağ tərəfdə yerləşir. Əlavə olaraq isə məhkəmənin qərarına baxmayaraq, Məmmədlinin ailə həkimləri biopsiya proseduruna buraxılmayıb. Həkimlərinin təyin etdiyi komponentlər üzrə analiz də götürülməyib. Bu, biopsiyanın və analizlərin yaxın günlərdə açıqlanacaq nəticələrinə etimadı sarsıdır".
Müdafiə tərəfi sağ tərəfdəki şişin biopsiyasının keçirilməsində də israr edəcəyini deyir.
DTİ-nin rəhbəri Akif Qurbanovun, "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətlinin və jurnalist Müşfiq Cabbarın həbs müddətinin uzadılması haqqında vəsatətlərə baxılması iyulun 4-ə təxirə salınıb.
Vəkillərə iclasın təxirə salınmasını Penitensiar Xidmətin məhbusların məhkəməyə aparılması üçün nəqliyyat vasitələrinin çatışmazlığı ilə izah edilib. Qurbanovun vəkili Şəhla Hümbətovanın fikrincə, bu, onun digərləri ilə ünsiyyət imkanlarına maneə yaratmaq məqsədilə edilib.
"Mən sonradan öyrəndim ki, bəzilərini ayrıca maşında gətiriblər, yəni, bunu tənzimləmək olur, bir maşında yer yoxdursa, başqa maşınla gətirirlər. Yəqin ki, Akif Qurbanovun məhkəmədəki çıxışları, digərləri ilə ünsiyyətdə olması onları narahat edir" - deyə, vəkil qeyd edib.
Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu", həmçinin "III Respublika Platforması"nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Lakin "Toplum TV"nin ofisinin qapısı möhürlənib. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və "Demokratik Təşəbbüslər İnstitutu"nun rəhbəri, həmçinin "III Respublika Platforması"nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynalova, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Martın 8-də "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli və "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli həbs olunub. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Hər ikisi də qaçaqmalçılıqda ittiham olunur.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.
Gundemxeber.az
17-05-2024, 13:58
9-03-2024, 22:00
18-09-2013, 16:55
16-01-2018, 12:20
4-09-2018, 12:27
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?