Bilənlər bilir, bilməyənlər üçün qeyd edək ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.
Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı. Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880),"Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı. Bu gün isə Azərbaycan hakimiyyətinin sayəsində ölkədə qəzetçilik fəaliyyəti tamamilə məhv edilmiş, günümüzün tələbinə cavab verməli olan saytlar da sıradan çıxarılır. Bir sözlə, Azərbaycanda mətbuatı daima təzyiqlər altında qaldığından günü-gündən yox olmaq təhlükəsi ilə üzüzə qalıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?