Xəbər verdiyimiz kimi “Telegram”ın yaradıcısı Pavel Durovun həbsindən əvvəl əlaqə saxladığı sonuncu şəxs bloger Hüseyn Həsənov olub.
Bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.
Bəs Hüseyn Həsənov kimdir?
Blogerin dosyesini təqdim edirik:
Hüseyn Həsənov 5 iyun 1994-cü ildə Rusiyada anadan olub. Məktəbi bitirdikdən sonra Sankt-Peterburq Dövlət İqtisad Universitetinə daxil olub, 2015-ci ildə oranı bitirib. Azərbaycan əsilli ailədə dünyaya gələn bloger bizneslə məşğuldur: kafelər şəbəkəsi və “GG” markalı kişi geyim mağazası var.
Hüseynin hazırda instaqramda 30 milyondan çox izləyicisi var. Həmin hesabında müxtəlif məzmunlu videoçarxlar çəkərək insanların sevgisini qazanıb. O, sosial şəbəkədə təkcə videoçarxlar paylaşmır, eyni zamanda lüks həyatını nümayiş etdirir. Bu da izləyicilərin marağına səbəb olur.
Həmçinin bloger H.Həsənovun 2018-ci ildə canlı efirdə Rusiya prezidenti Vladimir Putinə Telegram-ın bloklanması ilə bağlı sual verməsi ilə gündəmə gəlib. Bundan əlavə Hüseyn Həsənov adətən izləyicilərinə “İPhone” markalı telefon hədiyyə edir.
Bəzən isə videolarında sosial eksperimentlər edərək insanları sınayır, sonda isə sınaqdan çıxanlara müxtəlif hədiyyələr verir. Məsələn, bir videoçarxında özbəkistanlı taksi sürücüsünə pulunun olmadığını deyir və ondan kömək istəyir. Yol boyu sürücü ilə söhbət edən Hüseyn Həsənov qeyd etdiyi ünvana çatır və avtomobil qalereyasından birini seçməyi təklif edib. Sonda isə həmin avtomobili sürücüyə hədiyyə edib. Hətta bir dəfə də təsadüfi şəkildə seçdiyi izləyicisinə "Ferrari" markalı avtomobil bağışlayıb.
H.Həsənovun bahalı sürprizləri bununla da bitmir. O, tez-tez izləyicilərini bu cür sevindirməklə məşğul olur.
2020-ci ildə Bakıda "Park Bulvar"a gələcəyini elan edən məşhur bloger fanatlarından 7 nəfərə "İPhone" markalı telefon hədiyyə edəcəyini bildirib. Bunu eşidən izləyiciləri də "Park Bulvar"a axın edib. Hüseyn Həsənovdan "İPhone" markalı telefon qazanmaq istəyən izləyicilər arasında izdiham yaşanıb.
Bakıda Hüseyn Həsənovla bağlı 2018-ci ildə də buna bənzər hal baş verib. Hüseynin "28 Mall"ın qarşısında sevənləri ilə keçirdiyi görüşə 10 minə yaxın adam gəlib. Həmin zaman da xoşagəlməz hadisələr yaşanıb. Blogerlə görüşmək istəyən insanlar ticarət mərkəzi yaxınlığındakı bir neçə avtomobilə ciddi ziyan vurub.
Qeyd edək ki, Hüseyn Həsənovla bağlı kütlə arasında olan canfəşanlıq yalnız Bakıda yaşanmır. Blogerin gəlişi Moskva, Almatı, Bişkek kimi bir neçə şəhərdə də izdihama səbəb olub.
Bahalı həyatı ilə tez-tez gündəmə gələn videoblogger tək instagramda deyil, həm də TikTok-da da milyonlarla izləyici kütləsinə malikdir. O, hədiyyə verməyi sevdiyini söyləyib:
"Hədiyyə vermək mənim xoşuma gəlir. Bir gün düşündüm ki, İnstagramda öz hekayə bölməmdə niyə də etməyim. Axşam idi və mətbəxdə oturmuşdum. Telefonu götürüb yazdım ki, sabah izləyicilərimdən biri bu maşına sahib olacaq. Bir də gördüm ki, hər bir saatdan bir izləyicilərimin sayı 100 minə kimi artdı. Bəlkə də bunu ömrümün sonuna kimi xatırlayacam. Bir çox blogerlər məndən sonra bunu təkrarlamaq istədilər, amma alınmadı. Çünki kütlə reallığı sevir. Mən heç vaxt izləyicilərimi aldatmamışam. Ukraynadan bir qız qalib gəldi və gəlib maşını apardı"./musavat.com/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?