Azərbaycanın hökumətə yaxın olan yerli medialarda yayılan məlumatlara əsasən, "mövcud uyğunsuzluğu" aradan qaldırmaq üçün xarici KİV-lərin ölkədəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlinib.
Caliber.az saytı yazır ki, bu düzəlişlər xüsusən, ölkədə Rusiyanın Beynəlxalq İnkişaf Agentliynin “Rossiya Seqodnya”nın (Russia Today) bir bölməsi kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək.
“Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, “Azərtac”ın Rusiyadakı müxbirləri olduğu qədər “Russia Today” müxbiri də ölkəmizdə işləyəcək. Hazırda söhbət bir tam ştatlı vəzifədən gedir”, Caliber.az yazır.
Nəşr bildirir ki, “Rossiya seqodnya”nın Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub.
“Filialın özünün ləğvi gözlənilir - “Rossiya Seqodnya” Azərbaycanda fəaliyyətini Azərbaycan qanunvericiliyinə və Rusiya və Azərbaycan hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək, bir müxbiri ilə davam etdirəcək”, məlumatda qeyd edilir.
"Sputnik" xəbər agentliyi qlobal media məkanında fəaliyyətə 2014-cü il noyabrın 14-də başlayıb. “Sputnik Azərbaycan” isə 2015-ci ilin may ayının 25-dən fəaliyyət göstərir.
"Sputnik" 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqında qadağan edilib.
BBC və "Sputnik" hələ ki, yerli mediada dolaşan xəbərlərə reaksiya verməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?