Azərbaycanda texniki pasportu olan köhnə tikililərin qeydiyyatı prosesi sadələşdirilib. Lakin hələ də minlərlə vətəndaş bilmir ki, hansı şərtlərlə evinə rəsmi çıxarış ala bilər. Sovet dövründən miras qalmış torpaq sahələrində 35-40 il əvvəl tikilmiş evlər artıq qanunla tanınacaq və faktiki ölçülərə uyğun çıxarış veriləcək. Bu proses ASAN Xidmət və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrində həyata keçirilir. Amma burada bir incə məqam var: bu güzəşt yalnız arxiv sənədi olan evlərə şamil edilir. 1995-ci ildən sonra, bələdiyyələrdən sadəcə kağız qəbzlə torpaq alan və hər hansı arxiv sənədi olmayan evlər isə hələ də hüquqi baxımdan “görünməzdir”. Abşeron yarımadasında təxminən yarım milyon belə ev mövcuddur. Bu evlərdə yaşayan ailələr illərlə sənədsiz qalıb, daşınmaz əmlak bazarına çıxışdan məhrum olub, ipoteka və rəsmi satış imkanlarından istifadə edə bilmirlər. Mütəxəssislər hesab edirlər ki, bu problemin həlli gecikir.
Sosial və hüquqi baxımdan bu məsələ sadəcə rəsmi sənədlərin verilməsi deyil. Vətəndaşların mülkiyyət hüququnun tanınması, ailələrin gələcək təminatı və daşınmaz əmlak bazarının şəffaflığı məsələsidir. Əgər dövlət bu yarım milyon evin problemli statusunu uzun müddət həll etməsə, vətəndaşlar üçün “havada qalan evlər” dramı davam edəcək.
Həll yolu nədir?
Ekspertlər bildirirlər ki, dövlət yarımçıq qərarı tamamlamaqla, mərhələli leqallaşdırma proqramı tətbiq etməli, bələdiyyə torpaqlarında tikilən evləri rəsmi qeydiyyata alınmalıdır. 1995-ci ildən sonra bələdiyyələrdən sadəcə kağız parçası ilə torpaq alan yüz minlərlə ailə kənarda qalmamalıdır. Vətəndaşlar illərlə evlərində yaşayır, vergilər ödəyir, kommunal xidmətlərə pul verir, amma ən vacib sənəd olan kupçanı dövlətdən ala bilmir. Kupçası olmayan ev isə nə satıla, nə girov qoyula, nə də ipoteka krediti üçün istifadə edilə bilər.
Bəs niyə verilmiş qərar yarımçıq oldu?
Mütəxəssislər açıq deyirlər prosesin qarşısında illərlə formalaşmış “kupça mafiyası” dayanır. Sənədsiz evlərin birdəfəlik leqallaşdırılması həmin şəbəkənin tam iflası deməkdir. Dövlətin son qərarı ilə yalnız sovet dövrünün evləri leqallaşır, amma müstəqil Azərbaycanın reallığı olan yarım milyon ailənin kupça problemi hələ də açıq qalır. Hüquqşünasların fikrincə, çıxış yolu bələdiyyə torpaqlarında tikilmiş evlərin dövlət balansına keçirilməsi, minimal rüsumlarla qeydiyyata alınması və kupça mafiyasına qarşı sərt tədbirlər görülməsindədir. Əks halda, yarım milyon kupçasız evin problemi uzun illər ölkənin ən böyük sosial yaralarından biri olaraq qalacaq./musavat.com/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?