Analığına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Nazim Zülfüqarov analığınının külli miqdarda pulunu ələ keçirməkdə təqsirli bilinərək həbs edilib.
gundemxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Nazim Zülfüqarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi materiallarında yazılır ki, N.Zülfüqarov analığı, Bakı şəhər sakini Gülrux Əliyevanın külli miqdarda pulunu ələ keçirib.
G.Əliyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bəzi qohumlarının bir neçə bank işçisi ilə əlbir olduğunu və onun pulunu ələ keçirdiklərini qeyd edib. Zərərçəkmiş Bakı şəhəri, Nobel prospekti 16/17 yerləşən evinin plana düşdüyünü, söküntünü aparan şirkət tərəfindən “Kapital Bank”da hesabına 360 min manat vəsait köçürüldüyünü bildirib.
O, həyat yoldaşı Seyran Zülfüqarov vəfat etdiyindən, övladları azyaşlı olduğu üçün pulun idarə olunmasını qohumlarına, əsasən də yoldaşının birinci evliliyindən olan oğlu Nazim Zülfüqarova etibar etdiyini qeyd edib. Səbəb isə Nazim Zülfüqarovun bu sahədə təcrübəsinin olmasını göstərib.
"O, həm mənim, həm də vaxtilə mərhum atasının etibarını qazanmışdı. Ötən il martın 17-də banka köçürülmüş pulu dollara dəyişməklə 100 min dollarını həyat yoldaşımın birinci evliliyindən olan oğlu Nazimin adına Azərbaycan Beynəlxalq Bankda açılmış hesaba, 100 min dollarını isə qardaşım oğlu Mirismayıl Seyidpaşa oğlunun hesabına qoydum. 6 iyun 2013-cü il tarixində isə 70 min dolları öz adıma Beynəlxalq Bankdakı hesaba köçürdüm. Elə bilirdim ki, “Zamin Bank”da öz adıma 120 min dollar pul var. Əslində isə 80 min dollar imiş. Nazim Zülfüqarov həmin məbləğləri Beynəlxalq Banka mənim hesabıma yerləşdirməsi haqqında məlumat vermişdi. Maraqlananda Nazim mənə dedi ki, 80 min dolların faizini Beynəlxalq Bankdan, 40 min dolların faizini isə Bank Respublikadan alacaqsan. İki bankdan faiz alacağım xəbəri məndə şübhə yaratdı. Ancaq Nazim hər şeyin yolunda olduğuna məni inandırdı”.
G.Əliyeva şikayətində iddia edir ki, oğulluğu banklarda olduğunu dediyi pulların aylıq faizini də ona çatırıb:
“Nazim o qədər etibarımızı qazanmışdi ki, törətdiyi cinayətin sezilməməsi üçün davamlı olaraq depozit kartlarına aylıq faiz adı ilə pullar yatırırdı. Guya bu yerləşdirilmiş pul vəsaitlərinin aylıq faiz gəlirləridir. Həmçinin bildirirdi ki, mənim adıma Bank Respublikada 30 min dollar, “Silk Way”da isə 20 min dollar yerləşdirib. Həmin hesablara pul yerləşdirməsinin təsdiqi kimi hər iki banka aid kartları mənə təqdim etdi və bildirdi ki, hər ay həmin kartlar vasitəsi ilə faiz gəlirlərini götürəcəm. Göstərdiyim məbləğlər hər biri mənə məxsus olub və bunun sübutu istintaqa təqdim edilib. Sonradan məlum oldu ki, əslində mənə təqdim olunmuş kartlar debet kartlar imiş. Hər ayın eyni tarixində Nazim və dəstənin digər üzvləri vasitəsilə yerləşdirilib ki, məndə şübhə yaranmasın”.
Gülrux Əliyeva qeyd edib ki, oğlu Ziya Zülfüqarov xarici ölkədə təhsil almaq üçün sənədlərini hazırlayarkən protokola uyğun olaraq depozitdə müəyyən məbləğdə pulun mövcudluğuna dair hesabdan çıxarış arayışın alınması zərurəti yaranıb. Bu səbəbdən də oğulluğu N.Zülfüqarova müraciət edərək bankdan arayış alınmasını istəyib.
G.Əliyeva iddiasında qeyd edir ki, bu zaman aldadıldığını başa düşüb:
“Mən Nazimə həmin arayışın alınmalı olduğunu bildirdim. Bir müddət sonra Nazim Beynəlxalq Bankın Səbail filialının müdir müavini Vəli Əliyevin imzası ilə 8 oktyabr 2015 ci il tarixli 1929 nömrəli hesabda 70 min dollar olduğunu göstərən çıxarış arayışını mənə təqdim elədi. Əslində isə həmin məbləğ 190 min dollar olmalı idi. O, hansısa yanlışlığın olduğunu və həll edəcəyini dedi. Əslində törətmiş olduğu cinayəti gozlətməyə çalışırdı. Bir gün sonra mənə verdiyi arayışda isə hesabda olan məbləğin 190 min dollar olduğu göstərilib. Həmin arayışı Beynəlxalq Bankın Səbail filialının müdir müavini Vəli Əliyevin imzası ilə imzalanıb və möhürlənib. Bu anlaşılmazlıq barəsində Beynəlxalq Bankın Səbail filialının müdir müavini Vəli Əliyevə məlumat verilib. Bu hadisədən sonra qardaşım oğlu Mirismayılın adına yerləşdirmiş 100 min dolları hesabdan çıxarmaq qərarına gəldim. Məlum oldu ki, saxta etibarnamə əsasında Zaur İbrahimov həmin məbləği hesabdan çıxarıb. Halbuki bu adda şəxsə etibarnamə verilməyib. Zaur İbrahimov Nazim Zülfüqarovun bacısı Sevincin həyat yoldaşıdır. Beynəlxalq Bankın Səbail filialına getdikdə məlum oldu ki, mənə məxsus 190 min dollardan hesabda qalan 70 min dolların girov təminatı ilə 50 min dolları kredit götürülüb. Göründüyü kimi, Nazim Zülfüqarovun törətmiş olduğu bu əməllərə Beynəlxalq Bankdan kömək edilməsə onu həyata keçirmək qeyri-mümkündür”.
Zərərçəkmiş iddiasında Beynəlxalq Bankın Səbail filialında əməliyyatçı vəzifəsində işləyən Samirə Tağıyevanın da ittiham edib və Nazim Zülfüqarovla əlbir olmaqda günahlandırıb: “Samirə Tağıyeva həm saxtakarlıq, həm dələduzluq, həmçinin digər cinayətləri törədib. Bu əməllərlə Nazim, Samirə və Zaur tərəfindən mənə, ailəmizə məxsus külli miqdarda vəsait talanıb. Bugün çox acınacaqlı vəziyyətdəyəm. Həm küllü miqdarda pul vəsaitimi cinayətkarlar əlbir şəkildə talayıb, həm də istintaq orqanı işi qərəzli, qeyri-obyektiv aparmaqla süründüməçiliyə yol verib, təqsirləndirilən şəxslər barəsində prosessual məcburiyyət tədbirləri həyata keçirməyib”.
Bildirək ki, G.Əliyeva ümumilikdə 340 min dollar zərər gördüyünü qeyd edir.
Məhkəmənin baxış iclası sentyabrın 29-na təyin edilib
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?