Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşı Namiq Quliyev növbəti məhkəməsi başlayıb.
O, dələduzluqda təqsirləndirilərək həbs edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsində müttəhimlər kürsüsünə çıxarılmışdı. Məhkəmənin hökmü ilə şərti cəza alaraq azadlığa çıxan Namiq Quliyev indi isə barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Bunun üçün də Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Namiq Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 26-na təyin edilib. İddiaya görə, Namiq Quliyev qardaşı vasitəsi ilə Arif Həsənov adlı şəxsin problemini həll etmək vədi ilə dələduzluq edib. İttihama görə, Namiq Quliyev gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənova qarşı dələduzluq edib. Arif Həsənov indi "MTN işi"ndə də zərəçəkmişdir. Arif Həsənov şikayətində deyir ki, Akif Çovdarov və adamları onu müflis edərkən, hədə-qorxu gəlib. Namiq Quliyev onu bu vəziyyətdən qurtaracağını deyib. A.Həsənov bu məqsədlə də ona 87 min dollar verdiyini söyləyir. Bildirək ki, Namiq Quliyev məhkəmədə özünü təqsirli bildiyini demişdi. Amma söyləyirdi ki, pulu iş qurmaq adı ilə alıb, MTN-dəki məsələni həll etmək üçün yox. İş adamı A.Həsənov deyir ki, MTN əməkdaşları onlardan “haqq” tələb edib. Bu səbəbdən də onu böyük məbləğdə borca girməyə məcbur ediblər. Şərikinin əməllərindən MTN-ə şikayət edən Arif Həsənov gözləmədiyi halda özü MTN-nin toruna düşüb. O, rəhbəri olduğu “Texmarin Limited” MMC-nin əməkdaşı, sonradan şəriki olmuş Səhrab Allahverdiyevin ofşor şirkətlər vasitəsilə xarici ölkələrə pul göndərməklə külli miqdarda vergidən yayınması ilə bağlı MTN-ə müraciət edib. Amma MTN onun şikayətini araşdırmayıb. Əksinə onun özünü "soyublar".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?