“Çkalov” camaatı öldürülən avtoritetin həyatından nələr danışıb...
Yolumuz Hacıqabuladır. “Qoca”nın yas yerinə gedirik. Rayon mərkəzində “Qoca”nın ünvanını xəbər aldıq. Səsi xırıldayan, yaşlı biri siqaret istəyib kimliyimizlə maraqlanır. Cavabı gözləmədən “dön sağa, get dəmir yol xəttini keç, sola get, düz dəmir yol vağzalı ilə üz-üzə “Çkalov”dur. Evləri ordadı”. Hacıqabul dairəsindən Məmmədovların evinə qədər 2-3 kilometrlik dağınıq yol zülmət qaranlıqdır. Dəmir yol xəttinin kənarı ilə “Qoca”nın yaşadığı ünvana çatınca palçıqlı, çala-çuxur dolanbac yolları keçməli oluruq. Zülmətdən peyda olub tez də itən köhnəlmiş, işıqsız motosiklet sürücülərindən yolu soruşub birbaşa ünvana gedib çatırıq. Qapıda yas çadırı qurulub. Alaqaranlıqda çadırın çölündə toplaşanlardan öyrənirik ki, E.Məmmədovun nəşi hələ yaxınlarına təhvil verilməyib. Bakıda, mərkəzi morqda, müayinədədir. Yaxınlarına deyiblər ki, nəşi sabah onlara təhvil verəcəklər. Bir qədər əvvəl həbsdən çıxan Vüqar Məmmədov – “Qoca”nın özündən böyük qardaşı onun nəşini gətirmək üçün Bakıya gedib. Məmmədov qardaşları ataları Əkbər Məmmədovu illər əvvəl itiriblər. E.Məmmədovun özündən böyük 4 qardaşı olub. Onlardan biri dünyasını dəyişib. Qardaşları Azad, Akif, Vüqar da həbsxana həyatı yaşayıblar. Həmsöhbətlərimizdən biri deyir ki, “Qoca”nın qardaşlarından Akif Məmmədov hazırda Qobustan qapalı həbsxanasında saxlanılır. A.Məmmədovu “Akula Akif” kimi təqdim edir həmsöhbətimiz. Deyir ki, Azad Məmmədov da illərdir ki, həbsdədir, başqa bir cəza yerində saxlanılır. E.Məmmədovun özünə gəlincə isə ilk dəfə həbsxanaya düşməsi oğurluğa görə olub. Orada nəzarətçini öldürüb. Həbsdən çıxandan sonra isə Hacıqabulda ətrafına xeyli gənc toplaya bilib. Onun xüsusi söhbət aparmaq qabiliyyəti gənclərin ətrafına toplanması üçün bir növ vasitə olub. Hacıqabulda xatırlayırlar ki, ətrafındakı gənclər “Qoca”nın bir sözü ilə istənilən addımı ata, gözünə xoş görünməyənləri cəzalandıra bilərdilər. Ətrafında olanlardan bu gün həbsə düşənlər də az deyil. “Qoca”nı rayonda kriminal avtoritet kimi tanıyanlar çoxluqdadır. Söhbətlər var ki, “Qoca” əvvəllər də həbs yerindən qaçıb. İddialara görə, vaxtilə Bayıl türməsində saxlananda, 2001-ci ildə o, 21 yaşında Bayıl türməsindən məhkəməyə aparılarkən nəzarətçılərin diqqətindən yayınaraq, qaça bilib. Həmin vaxt onu qısa bir vaxtda tutub yenidən həbs yerinə qaytarıblar... Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürməkdə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilmə cəzası istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Onlara bu işdə yardım edənlər olub. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb. Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib. Etibar Məmmədovun taleyi isə çox pis qurtarıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub. Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub. E.Məmmədov atışmada yaralanıb və ölüb. Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb. Ş.Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir./musavat.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?