Lənkəran-Astara avtomobil yolunun Lənkəran rayonu Siyavar kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Rafail Qurbanovun məhkəmə prosesi başa çatıb.
Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, Rafail Qurbanovun kasasiya şikayəti qismən təmin edilib.
Məhkəmə onun cəzasını 4 il 6 aya endirilməsi barədə qərar qəbul edib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Rafail Qurbanov Lənkəran rayon Məhkəməsinin hökmü ilə 5 il 3 ay müddətində azadlıqdan məhrum edilib. Onun barəsində Nəsimi rayon Məhkəməsinin 8 fevral 2013-cü il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasının ödənilməmiş 3.520 manat hissəsi hazırkı hökmə birləşdirilib və həmin miqdarda da cərimə olunub.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzasını yüngülləşdirilməsi barədə apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Rafail Qurbanov 4 sentyabr 2015-ci il tarixdə idarə etdiyi "Mercedes-Benz" markalı avtomaşınla Lənkəran-Astara avtomobil yolu ilə Astara istiqamətində hərəkətdə olarkən Lənkəran rayonu Siyavar kəndi ərazisində yol hərəkəti qaydasını pozub. Nəticədə o, yolu keçmək istəyən piyada Arzu Rzayevi idarə etdiyi avtomobillə vurub. Piyada aldığı xəsarətdən ölüb.
İstintaq orqanı tərəfindən Rafail Qurbanova Cinayət Məcəlləsinin 263.2-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, Rafail Qurbanov 2013-cü ildə Cinayət Məcəlləsinin 177.2.4-ci (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddəsi ilə ittiham edilib və Nəsimi rayon Məhkəməsinin hökmü ilə 5.000 manat cərimə cəzasına məhkum olunub./ölkə.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?