Avropada yaşayan mühacir bloger Orduxan Teymurxanın bacısı oğlu Tural Əliyevin saxlandığı bildirilir.
Bu barədə O.Teymurxanın özü bildirib.
Onun dediyinə görə, 19 yaşlı Tural Əliyev Bakı Dövlət Universitetinin kimya fakültəsində oxuyur. O.Teymurxan vurğulayıb ki, T.Əliyev universitetdən qayıdanda yolda saxlanılıb.
“Yoldan zorla aparılıb. Deyirlər, 2 ay müddətinə inzibati qaydada həbs ediblər. Hansı maddə ilə həbs olunduğu bilinmir”.
Bu deyilənləri, hələlik, hüquq mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.
Bu ilin fevral ayında da Orduxan Teymurxanın yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilirdi. Onda da deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.
Orduxan Teymurxan vurğulamışdı ki, Avropada fəaliyyəti ilə bağlı Azərbaycanda onun yaxınlarını incidirlər. Son həftələr O.Teymurxan və Azərbaycandan mühacirət edən bəzi fəallar Avropa şəhərlərində prezident İlham Əliyevin nümunəsində “ Diktatoru tanıdaq” aksiyası keçiriblər.
Mühacirlərin oxşar şikayəti ilə bağlı Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bir müddət öncə bildirmişdilər ki, Azərbaycanda heç kimin siyasi əqidəsinə görə qohumları incidilmir.
Bundan avvəl də O.Teymurxanın Azərbaycanda yaşayan yaxınlarının oxşar münasibətlə üzləşdikləri bildirilirdi.
Orduxan Teymurxan demişdi ki, ötən il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərdən iksindən başqa hamsının tezliklə sərbəst buraxıldığı bildirildi.
Ardınca Suraxanı Rayon Məhkəməsində blogerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.
Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın əsassız oldiuğunu düşünürlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?