İnzibati qaydada həbs edilmiş hüquqşünas Emin Aslanın müdafiəçiləri apellyasiya şikayəti verib.
Bu barədə «Turan» agentliyinə onun yaxınları bildiriblər.
Məlumata görə, Nərimanov Rayon Məhkəməsinin hüquqşünas barədə çıxardığı qərar onun yaxınlarına təqdim edilib. Qərardan 10 gün müddətində şikayət verilə bilər.
Vəkillər artıq rayon məhkəməsinin qərarının dəyişdirilməsi istəyi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət göndərib.
İnzibati prosessual qanunvericiliyə görə, inzibati pozuntularda həbs tədbiri seçilibsə, apellyasiya şikayətinə dərhal baxılmalıdır.
İyunun 4-də saxlanan hüquqşünas E.Aslan inzibati qaydada həbs edilib.
İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə günahlandırılan E.Aslana Nərimanov Rayon Məhkəməsi 30 sutka inzibati həbs verib.
Onun məhkəməsinin vəkilinin iştirakı olmadan keçirildiyi bildirilir.
E.Aslanı iyunun 4-də günortadan sonra «Park Bulvar» alış-veriş mərkəzində özlərini təqdim etməyən 3 nəfərin saxladığı bildirilirdi.
Yaxınlarının dediyinə görə, onlar hadisə ilə bağlı hələ iyunun 4-də Daxili İşlər Nazirliyinə (DİN) müraciət etmişdilər. Verilən məlumata görə, onlara nazirliyin «102» xidmətindən ərazi üzrə polisə müraciət olunması tövsiyə olunmuşdu.
Üstəlik, E.Aslanın vəkili onun saxlandığı ehtimal edilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də getmişdi. Ancaq dostlarının bildirməsinə görə, əvvəlcə hüquqşünasın bu idarədə saxlandığı təsdiq edilməmişdi. Sonradan isə onun elə həmin idarədə olduğu açıqlandı.
Hüquqşünas E.Aslan son 6-7 il ərzində, əsasən, müxtəlif qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq qurumlarla əməkdaşlıq edib.
E.Aslan 2014-cü ildən sonra bir müddət Gürcüstanda yaşayıb və işləyib. İki il əvvəl isə o, ABŞ-dakı Sirakuz Universitetinə daxil olub.
E.Aslan həbsindən bir neçə gün öncə Bakıya dönmüşdü.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?