6 uşaq anası övladlarına baxa bilmədiyini söyləyərək onlardan imtina edib. Aralarında 6 aylıq körpə olmaqla uşaqlardan beşi uşaq evlərinə yerləşdiriləcək.
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.
Uşaqlar hazırda birliyin nəzdindəki sığınacaqda yerləşdirilib. Uşaqlardan böyüyü 2007-ci il, balacası isə 2018-ci il təvəllüdlüdür. Zeynalova deyir ki, ata yalnız 2015-ci il təvəllüdlü oğluna sahib çıxıb: “Qadın 15 yaşında özündən 17 yaş böyük şəxslə ailə qurub. 6 uşağın ikisi qız, dördü oğlandır. Sonradan ailədə problemlər yaranıb, boşanıblar. Uşaqların atası ilə də görüşdük, dedi ki, yalnız 3 yaşlı oğlunu çox istəyir, digərlərinin uşaq evinə yerləşdirilməsinə qarşı deyil”, - sığınacaq rəhbəri əlavə edib.
Uşaqlar sığınacağa gətirilərkən pis vəziyyətdə olublar. Anaya uşaqları ilə birgə sığınacaqda qalması təklif olunsa da, razılaşmayıb. Uzun illərdir işləmək istədiyini, yalnız indi iş tapdığını söyləyib: “Deyir ki, uzun zamandır övladlarına baxa bilmir, günlərlə uşaqlar ac qalıblar. Ən pisi odur ki, uşaqlar çirkdən iy verirdilər, paltarları bəlkə də aylardır yuyulmamışdı. 4 uşağı paltar və yataqla təmin etdik. 6 aylıq körpəni isə qəbul edə bilmədik. Çünki ona qayğı lazımdır, sığınacaqda körpələr yalnız anaları ilə birgə qalırlar”, - Zeynalova əlavə edib.
Binəqədi Rayon İcra Hakimiyyəti uşaqların sənədlərini hazırlayır. Tezliklə 6 aylıq körpə olmaqla uşaqlar internata yerləşdiriləcəklər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?