Atasını öldürməkdə təqsirləndirilən Elməddin Əliyev və ona bu işdə kömək edən Vəlican Dadaşov, Nəcməddin İsmayılovun cinayət işi üzrə məhkəmə davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror çıxışında Vəlican Dadaşova 20 il, Elməddin Əliyevə 19 il, Nəcməddin ismayılova isə 18 il azadlıqdan məhrum edilməsini tələb edib.
Prosesdə təqsirləndirilən şəxslər son sözlərində qətli bir-birinin üstünə ataraq günahsız olduqları deyiblər.
Məhkəmədə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Vəlican Dadaşova 19 il, Elməddin Əliyevə 18 il, Nəcməddin ismayılova isə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində baş verib. Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb.
Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.
Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının peşəkarlıqla keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İ.Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o “isti izlər”lə saxlanılıb.
Əməliyyat tədbirlərinin davamı olaraq cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Vəlican Dadaşov və Nəcməddin İsmayılov da saxlanılaraq istintaqa cəlb ediliblər. Məlum olub ki, saxlanılan E.Əliyev ifadəsində bildirib ki, atasının qətlinə ailəsinin namus və şərəfini qorumaq üçün qərar verib. Onun sözlərinə görə, hərbi xidməti başa vurub evə qayıdarkən qəsəbədə atasının qeyri-ənənəvi seksual oriyentasiyanı təmsil etdiyi barədə söhbətlər eşidib və bu rüsvayçılığı qanla yumaq qərarına gəlib
Atası haqqında bu məlumatları ona Vəlican Dadaşovun yanında Nəcməddin Ismayılov verib. Bundan sonra Vəlican Dadaşov belə adamın yaşamağa haqqının çatmadığını deyib.
Qətli Vəlican Dadaşov törədib. O, əvvəlcə kişinin başına balta ilə vurub, sonra ona bir neçə bıçaq zərbəsi endirib. Cinayətin iştirakçıları meyiti hadisə yerində qoyaraq çıxıb gediblər. Üç saat sonra isə benzin tökərək evi yandırıblar. Lakin məhkəmə istintaqında Elməddin Əliyev ilkin ifadəsini təsdiqləməyib və atasını öldürmədiyini, pulu çox olduğuna görə Vəlican Dadaşovun öldürdüyü deyib. /open.az
Sorğu
Yeni dizaynımız necədir?