Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Ehtiram Şərifovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən E.Şərifov günahsız olduğunu, sözügedən qətli törətmədiyini, istintaqdakı ifadələrin, imzaların ona məxsus olmadığını deyib.
Hakim bildirib ki, təqsirləndirilən şəxs bunu yazılı şəkildə məhkəməyə təqdim etməlidir. Bu səbəbdən məhkəmə iclası aprelin 15-nə kimi təxirə salınıb.
İttihama görə, hadisə ötən il noyabrın 17-də Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib. Günorta saatlarında Ehtiram Şərifov qəsəbə sakini Cabir Babayevi güllələyərək öldürüb. O, polisə gələrək könüllü təslim olub.
Qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş"larından olub, "Cabir-012" ləqəbi ilə tanınıb. Onun ölümü təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu olan bir nəfər Ehtiramın qardaşı Vüqarın üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə təsadüfən Cabirə tuş gəlib.
İstintaq orqanı tərəfindən Ehtiram Şərifovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.//
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?