Dövlət Sərhəd Xidməti Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən Oqtay Hüseynzadə haqqında məhkəmənin və vəkilin göndərdiyi eyniməzmunlu sorğulara fərqli cavablar verib. Bu, Gəncə hadisələri üzrə Oqtay Hüseynzadənin də daxil olduğu 8 nəfərlik qrupun məhkəməsində məlum olub.
Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda - Sabunçu Rayon Məhkəməsinin binasında baxır.
Hakim Xaqani Səmədov deyib ki, məhkəmənin bir müddət öncə Oqtay Hüseynzadə ilə bağlı Dövlət Sərhəd Xidmətinə (DSX) göndərdiyi sorğuya cavab gəlib. Bildirilib ki, 2017-ci ildə əvvəl İrana, oradan da Gürcüstana gedib.
Telefonlar, planşet, 1500 avro...
O.Hüseynzadənin vəkili İlqar Şahməmmədov bildirib ki, DSX onun eyniməzmunlu sorğusuna fərqli cavab verib. Bu cavabda Oqtayın Azərbaycandan Gürcüstana, oradan İrana getdiyi göstərilib.
"Bu necə ola bilər ki, eyni dövlət orqanı eyni sorğuya fərqli cavablar verir?", vəkil bildirib.
Təqsirləndirilən şəxslərin vəkilləri onların evlərində axtarış zamanı götürülən əşyaların qaytarılması barədə vəsatətlər qaldırıblar. Bildiriblər ki, evdən götürülən əşyalar barədə sənədlər cinayət işinin materiallarında yoxdur.
O.Hüseynzadənin evindən axtarış vaxtı onun pasportu ilə yanaşı, telefonlar, planşet götürülüb. Heç biri də qaytarılmayıb.
Təqsirləndirilən Abbas Abbasovun yaxınları isə bildirib ki, axtarış zamanı evdən 1500 avro pul da yoxa çıxıb.
Hüquq müdafiəçisi: Videokadrlar "Gəncə işi"ndə "həqiqət anı"dır, ittiham versiyası qondarmadır Vəkillərin daha bir vəsatəti təqsirləndirilən şəxslərin işgəncə şikayətləri ilə əlaqədar təkrar ekspertizanın keçirilməsi olub. Əvvəlki ekspertizanın cavabına etiraz edən vəkillər bildirib ki, həmin rəy qərəzlidir. Ekspertiza təqsirləndirilən şəxslərin üzərində xəsarət izləri aşkarlandığını, ancaq həmin xəsarətlərin təxminən il yarım öncəyə (yəni hadisədən əvvəl) aid olduğunu göstərib.
Xaqani Səmədovun sədrlik etdiyi hakimlər heyəti qaldırılan vəsatətlərin heç birini təmin etməyib.
Bu qrupun işi üzrə məhkəmə prosesi iyulun 12-də davam edəcək.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.
Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Baş Prokurorluğun bir müddət öncə bildirməsinə görə, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər. Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb.
Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.
Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.
Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.
Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətəuyğun olmayan iddialar səsləndirirlər.// AzadlıqRadiosu
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?