Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fərid Əsədov iyulun 15-də səhər saatlarında polis tərəfindən saxlanılıb.
AXCP-nin məlumatına görə, Əsədov öz şəxsi avtomobili ilə gedərkən saxlanılıb.
"Avtomobili ilə yol getdiyi zamanı qarşısını kəsib naməlum istiqamətə aparıblar," məlumatda deyilir.
AXCP hesab edir ki, Əsədovun saxlanılmasının səbəbi dünən orduya dəstək yürüşündə iştirak etməsi ilə bağlıdır.
"Əsədov yürüşdə iştirak etsə də, heç bir qanunsuz hərəkətə yol verməyib. Onun saxlanılması qeyri-qanunidir," məlumatda deyilir.
İyulun 14-də digər AXCP fəalı Elvin Bəhmənoğlu Masallı Rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
AXCP bildirir ki, Bəhmənoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə həbs olunub.
"Bəhmənoğlu mayor Anar Novruzovun dəfnində iştirak edib. Elə orada polis tərəfindən saxlanılaraq aparılıb," məlumatda qeyd edilir.
AXCP fəallarının həbsi və saxlanılması ilə bağlı rəsmu qurumlar hələ məlumat verməyib.
İyulun 14-ü Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub, polisin avtomobilini aşırıb. Polis əməkdaşları parlamentə daxil olan şəxsləri oradan çıxararaq əraziyə toplanmış şəxsləri uzaqlaşdırıb. Polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydığı məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./amerikaninsesi.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?