Azərbaycanın Ermənistanla sərhəd yaşayış məntəqələrindən yeni köçkün axını başlaya bilər, əhalini sadəcə atıcı silahlarla müdafiə etmək mümkün olmur...
Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca yanvarın 20-dən etibarən şiddətlənən atışmalar sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin həyatına real təhlükə yaratmaqdadır.
Belə ki, son günlər erməni hərbi qüvvələri daha da aqressivləşərək Tovuz rayonunun Ermənistanla sərhəd Əlibəyli və Koxanəbi kəndlərini şiddətli atəş altında saxlayır. Habelə Ağstafa və Qazax rayonlarının yaşayış məntəqələri də atəş altındadır.
Mərkəzi hakimiyyət rəsmiləri bu yaşayış məntəqələrindəki vəziyyət barədə sussa da jurnalistlərin hazırladıqları reportajlardan məlum olur ki, vəziyyət dözülməzdir və bu yaşayış məntəqələrindən yeni köçkün axını başlaya bilər. Çünki Ermənistan ordusunun yüksəklikdə yerləşən mövqelərindən cəmi bir neçə yüz metr məsafədə yerləşən bu kəndlərin sakinləri ölüm təhlükəsi qarşısında uzun müddət bu cür, müdafiəsiz davam gətirə bilməyəcəklər.
Analoji vəziyyət cəbhənin Ağdam, Tərtər və Goranboy istiqamətlərində də hökm sürür. Müdafiə Nazirliyi hər gün yayılan standart rəsmi açıqlamalarında Azərbaycan ordusunun bölmələrinin atəşkəs rejimini (əslində tərəflərin qarşılıqlı olaraq atəşi dayandırmağa razılaşdığı barədə 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasında yer alan bu bənd çoxdan əhəmiyyətini itirib) pozan düşməni cavab atəşi ilə susdurduğunu bəyan edir.
Lakin belə görünür ki, atıcı silahlardan açılan cavab atəşləri düşməni susdurmaq üçün kifayət deyil. Qarşı tərəf getdikcə daha intensiv şəkildə Azərbaycanın sərhədboyu yaşayış məntəqələrində yaşayış evlərini, mülki sakinləri, hərəkətdə olan bütün hədəfləri atəş altında saxlayır.
O zaman belə sual meydana çıxır: Azərbaycan Müdafiə Nazirliyi və ali hərbi komandanlıq düşmənlə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün hansı tədbirlər görməlidir və görə bilər?
1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından sonra tərəflər ağır silahları və hərbi texnikanı təmas xəttindən geri çəkiblər (hərçənd ki, erməni tərəfinin bu razılaşmaya əməl etməsi ciddi sual altındadır). Nəticədə Azərbaycanın təmas xətti boyu yerləşən yaşayış məntəqələrinin müdafiəsi atıcı silahlarla silahlanmış bölmələrin öhdəsində qalıb. Erməni mövqeləri təmas xəttinin əksər istiqamətlərində nisbətən yüksəklikdə yerləşdiyi üçün düşmənin bu yaşayış məntəqələrini daim atəş altında saxlaması asandır.
Belə vəziyyətdə Azərbaycan artıq əhəmiyyətini itirmiş , ATƏT sədrinin bir neçə səhra köməkçisinin tam formal xarakter daşıyan monitorinqi ilə nəzarət olunan atəşkəs razılaşmasının mətninə nöqtə-vergülünə qədər əməl etməyə nə dərəcədə borcludur? Təmas xətti boyunca yaşayan mülki əhalinin müdafiəsini daha etibarlə şəkildə təmin etmək üçün Azərbaycan Müdafiə Nazirliyinin tankları irəli çəkməsinin vaxtı çoxdan çatmayıbmı?
Xəbər verildiyi kimi, düşmənin getdikcə fəallaşdığı bir vaxtda - yanvarın 24-də Azərbaycan Hərbi-Hava Qüvvələrinin təyyarələri təmas xətti boyunca uçuşlara başlayıb. Bu, düşməni daha sərt cavab tədbirləri görülə biləcəyi barədə xəbərdar etmək üçün atılmış rasional taktiki addımdır.
Lakin hərbi aviasiya daim havada qala bilməz və düşmən qüvvələri üçün çəkindirici təsirə malik növbəti addım tankların təmas xəttinə yaxınlaşdırılması ola bilərdi. Məsələn, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrində tankların mövqe tutması erməni qüvvələrinin indiki kimi bu yaşayış məntəqələrinin əhalisini daim atəş altında saxlamasına qarşı effektiv cavab addımı olardı.
Bölgənin təbii-coğrafi xüsusiyyətlərini nəzərə aldıqda təkcə tankların yox, həmçinin dağ-atıcı polklarının, minaatan batareyaların, artilleriyanın, həmçinin quru qoşunlarının ən güclü həlqəsi olan piyada döyüş maşınlarının müəyyən hissəsinin arxa cəbhədən döyüş bölgəsi istiqamətinə - təmas xəttinə aparılmassı cari vəziyyətə daha adekvat addım olardı.
Diplomatik baxımdan Azərbaycanın bu addımını əsaslandırmaq üçün kifayət qədər tutarlı arqumentləri var. Ermənistan ordusunun bölmələrinin yaşayış evlərini və dinc əhalini atəşə tutması göz önündədir. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin və onun bir neçə səhra köməkçisinin apardığı mənasız monitorinqlər bu əhalini qorumağa cüzi də olsa kömək etmir. Deməli, Azərbaycan tərəfi danışıqlar prosesində qalmaqala bərabər strateji əhəmiyyət daşıyan bu yaşayış məntəqələrinin əhalisini qorumaq üçün adekvat hərbi addımlar atmaq ixtiyarına da malikdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?