Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələrinin komandanlığı yanvarın 20-dən başlayan gərginlik zamanı Azərbaycanın öz tanklarını döyüş mövqelərinə çıxardığını təsdiqləyib.
Virtualaz.org erməni qaynaqlarının yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə qondarma “DQR müdafiə nazirliyi” bildirir.
Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” tərəfindən yayılmış məlumatda deyilir ki, yanvarın 20-dən etibarən təmas xəttində yaranmış gərginlik ötən ayın son həftəsində də qalıb. Azərbaycan tərəfi müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə yanaşı təmas xəttinin ayrı-ayrı istiqamətlərindəki döyüş mövqelərinə “müəyyən miqdarda” ağır zirehli texnika da çıxarıb.
Dağlıq Qarabağ separatçılarının “müdafiə nazirliyi” həmçinin Azərbaycanın döyüş aviasiyasının da təmas xətti boyu uçuşlarının qeydə alındığını, bu uçuşların təmas xəttindən 30-35 kilometr məsafədə həyata keçirildiyini bildirir.
Xatırladaq ki, yanvarın 20-dən etibarən Ermənistanın təmas xəttinə əlavə qüvvələr yerləşdirməsini və təmas xətti boyu Azərbaycanın yaşayış məntəqələrini güclü atəş altında saxlamasını nəzərə alaraq virtualaz.org saytı tankların təmas xəttinə yeridilməsi zərurəti barədə yazmışdı.
Daha sonra Azərbaycan Müdafiə Nazirliyinin həqiqətən təmas xəttinin bəzi istiqamətlərində tankları döyüş mövqelərinə çıxarması barədə rəsmi olmayan məlumatlar yayıldı.
Erməni işğalçılarının təmas xəttində gərginliyi artıran təcavüzkar hərəkətlərinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri komandanlığının hərbi aviasiyanı havaya qaldırması və tankları döyüş mövqelərinə çıxarması Bakının düşmənə qarşı sərt cavab addımları atmağa hazır olduğunu göstərir.
* * * 22:16
Qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu dünyanın münaqişə ocaqlarında vəziyyətin növbəti aylıq monitorinqini açıqlayıb.
Virtualaz.org təşkilatın saytına istinadən xəbər verir ki, Beynəlxalq Böhran Qrupunun yanvar ayına dair monitorinqinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgəsində vəziyyətin qəfil kəskinləşməsinə görə dünyada münaqişələrin alovlanması riski baxımından vəziyyətin pisləşdiyi ölkələrin sırasına daxil edilib.
Beynəlxalq Böhran Qrupu bildirir ki, yanvarın 20-dən etibarən təmas xəttinin müxtəlif istiqamətlərində “qəfil və ciddi toqquşmalar” başlayıb. Hər iki tərəf vəziyyətin kəskinləşməsinə görə bir-birini ittiham edir, həm vəzifəli şəxslər, həm KİV-lər tərəfindən düşmənçilik ritorikasına qayıdıb.
Təşkilatın bildirdiyinə görə, yanvarın 20-dən başlayan toqquşmaların detalları məlum deyil, bununla belə Ermənistan iddia edir ki, Azərbaycan tərəfi təmas xəttini keçməyə cəhd göstərib. Erməni tərəfi 1 əsgərinin öldürüldüyünü açıqlayaraq qisas vədi verib.
Azərbaycan Müdafiə Nazirliyi yanvarın 24-də bildirib ki, hərbi-hava qüvvələrinin təyyarələrinin təmas xətti boyu uçuşları başlayıb. Bildirilib ki, həmin gün erməni bölmələrinin təmas xəttində diversiya həmləsinin qarşısı alınıb. Bu zaman Azərbaycan ordusunun kapitanı həlak olub.
Ermənistan Müdafiə Nazirliyi yanvarın 24-də Azərbaycanla sərhəd boyu atışmalar və 1 mülki şəxsin yaralanması haqda məlumat verib. Azərbaycan tərəfi yanvarın 27-də daha bir zabitin vurulduğunu elan edib, ertəsi gün yanvarın 28-də erməni tərəfi 1 çağırışçısının öldürüldüyünü açıqlayıb.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Parisdə xarici işlər nazirləri ilə görüşdən sonra yanvarın 24-də təmas xəttində gərginliyin artmasından narahatlıq ifadə edərək tərəfləri hərbi addımları dayandırmağa çağırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?