Ayaz Orucovun harınlamış balasının ev dustağı edildiyi iddia olunur; onun qudurğan hərəkəti ölkə rəhbərliyi səviyyəsinə çatıb və həbs təhlükəsi belə var, Etibar Pirverdiyevin adamının biznesi çökdürülür
Deputat Ayaz Orucovun oğluna ölkədən çıxmaq qadağan olunub. İsmayıl Orucov qudurğan hərəkətinə görə cəza olaraq Azərbaycanda kənara çıxa bilməz. Deputatın balasına qeyri-rəsmi şəkildə qadağa qoyulub. Onun vətəndən kənara çıxışı yasaqlanıb. Artıq məsələ böyüyüb və iş ölkə rəhbərliyi səviyyəsinə çatıb deyə A.Orucov oğlunu Azərbaycandan qaçıra da bilməyib. Onun qeyri-rəsmi ev dustağı edildiyi iddia olunur. Məlumatı verən mənbə iddia edir ki, ölkə rəhbərliyi deputatın balasının günahından keçmək istəməyib. Çünki bu hərəkət heç bir əndazəyə sığışmır. İ.Orucovun öz kefindən yad bir qadına sataşmaq istəməsi, maşını gülləboran etməsi bağışlanmaz səhv olub. Əldə etdiyimiz məlumata görə, artıq deputat özü də çıxış yolu tapa bilməyib. A.Orucov bir dəfə əməllərinə görə “Qaçqınkom” rəhbəri Əli Həsənov tərəfindən cəzalandırılıb. Növbəti də xətaya yol verməsi onun müqəddəratını həll edib. Mənbə qeyd edir ki, deputat “yuxarı” çağırılıb və şiddətli töhmət alıb. Hətta onun nəzərinə çatdırılıb ki, növbəti parlament seçkilərində A.Orucova mandat verilməyə bilər. Bu azmış kimi, deputat oğlu barəsində cinayət işinin təzədən başlanması, həbs edilməsi belə istisna olunmur. Mənbənin sözlərinə görə, şəhərin mərkəzində ən qüdrətli nazirin övladı belə bu cür hərəkətə yol verməyib. Ancaq deputat oğlu Bakının tən ortasında maşından başqa avtomobili gülləboran etməkdən çəkinməyib. Odur ki, onun həbsi ehtimalı istisna olunmur. “Ayaz Orucovun reputasiyası onsuzda zədələnmişdi. Onun adı “qara siyahı”da yer almışdı. Son hadisə isə deputatın işini çətinə salıb. Ölkə prezidentinə qədər məsələ çatıb. Deputat oğlunun özbaşınalığı hiddət doğurub. Ayaz Orucova xəbərdarlıq edilib ki, məsələ mətbuatda bağlanmasa, oğlunun işi ağır ola bilər. Bir yandan Prezidentin Mühafizə Xidməti rəhbəri Vaqif Axundovun oğlunun eyş-işrət, kef-əyyam şəkillərinin ortaya çıxması, deputatın oğlu ilə bağlı məsələni daha da şişirdib. Deputat danlanıb, oğlunu yığışdırması tələb edilib, ölkədən çıxması yasaqlanıb. Deputat özü də bu işin üzə çıxmasına görə oğluna qarşı qəzəblidir. “Çox güman ki, İsmayıl Orucovla bağlı cəza tədbiri görüləcək,”-deyə qaynağımız iddia edir. Hadisələri şərh edən mötəbər mənbəmiz bildirir ki, tezliklə A.Orucovun əmlakına qol qoyula bilər. Həmçinin, biznesinin əlindən alınması gündəmə gəlib. A.Orucovun oğlu ilə “vurulması”nda əslində öz günahı var. Deputat vaxtında oğlunu ərköyün böyütməsəydi, ona şərait yaratmasaydı bu gün başına bəla olmazdı. Fakt budur ki, nazirlərin, deputatların, məmurların övladları başlarına dərd açır. Son bir ay ərzində iki deputatla bağlı artıq belə fakt üzə çıxıb. Diaspora komitəsinin rəhbəri Nazim İbrahimovun, nəqliyyat naziri Ziya Məmmədovun qardaşının, Mühafizə Xidməti rəhbəri Vaqif Axundovun, indi isə A.Orucovun övladının hakimiyyətə problem yaradan özbaşına hərəkətləri ictimailəşib. Prezidentin müşavirədə qudurğan məmur balalarına yönəlik xəbərdarlığına baxmayaraq, onların əməllərinə son qoyulmayıb. A.Orucova gəldikdə isə son hadisəyə görə qaçqınlar üçün yaşayış evlərinin tikintisində yol verdiyi ciddi korrupsiya faktları növbəti dəfə yadına salınıb. Hələ ötən ilin mayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıxarılan Ayaz Orucovun biznesində çətinliklər yaranmışdı. Deputatın kifayət qədər geniş biznes şəbəkəsinə daxil olan çoxsaylı sexlərin, restoranların və şirkətlərin bir çoxunun əlindən alınması aktuallaşıb. Bu əhvalat isə biznesinin çökdürülməsinə əsas verib. Onsuzda ölkə rəhbərliyi onda boğaza yığılmışdı. Ümumiyyətlə, Ayaz Orucovun biznes şəbəkəsi kifayət qədər genişdir. Onun biznes şəbəkəsinə “Hidromaş servis” QSC, “Espanyol mebel” və digər şirkətlər, o cümlədən Beyləqan rayonunda və Bakı ətrafında çoxsaylı restoranlar, mağazalar, mebel sexləri və s. daxildir. İtaliya markası olan “İndesit” soyuducularının Azərbaycandakı distributorluğunu da deputatın şirkəti həyata keçirir. Həmçinin onun biznesinə digər məişət avadanlıqlarının ixracı və satışı daxildir. Bu biznesindən məhrum olacağı bildirilir. Deyilir ki, A.Orucov ötən ilin mayında vəzifədən çıxarılıb. Hələ o vaxt belə məlumatlar yayılmışdı ki, “Qaçqınkom” sədri Əli Həsənovun rəhbərliyi ilə komitədə iclas keçirilib, qaçqın və məcburi köçkünlər üçün tikilən bina və obyektlər məsələsi müzakirə olunub. Orada deputat danlanıb. Əslində A.Orucov prezident İlham Əliyevin qəzəbinə gəlib. Belə ki, prezident ötən ilin sonlarında Müşviqabad yaxınlığında qaçqınlar üçün tikilmiş yaşayış binalarının açılışında iştirak edəndə tikintinin yarıtmaz aparıldığının şahidi olub. Dövlət başçısı cavabdeh məmurlardan hesabat tələb edib. Əli Həsənov isə tikintiyə baş nazir Artur Rasizadəyə yaxın şəxs olan deputat Ayaz Orucovun məsuliyyət daşıdığını bildirib. İndi isə deputatın oğlu ilə yenidən ölkə rəhbərliyinin qəzəbinə tuş gəlməsi taleyini müəyyən edib. Xəbərdə qeyd edilir ki, A.Orucovun biznesi çökdürüləcək, ağır zərbələr endiriləcək. Bundan sonra onun öz qamətini düzəltmək üçün taqəti qalmayacaq. Mənbə bildirir ki, gülləboranda maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Maraqlıdır ki, bu xəbər yayılandan sonra deputat yazılanları yalana çıxarmağa çalışmışdı, xəbərimüxalifət mətbuatının növbəti uydurması adlandırmışdı. Ancaq fakt göz qabağındadır. Son məlumata görə, hadisədən sonra deputat telefonunu bağlayıb, jurnalistlərə açıqlama vermir. Çünki reallıq göz deşir. Qaynağın sözlərinə görə, Beyləqan rayonunun sakinləri də deputatın fəaliyyətindən razı deyillər. Bu şəxs deputat seçiləndən indiyə kimi seçicilərinin sosial qayğıları ilə maraqlanmayıb. O, tutduğu vəzifədən istifadə edərək ancaq özünə və yaxın qohumlarına şərait yaradıb. Beyləqanın mərkəzində deputatın bir neçə ticarət obyekti var. A.Orucovun metronun “Koroğlu” stansiyasının ətrafında yerləşən obyektində də söküntü işləri gedirdi. Həmin binada deputatın “Hidromaşservis” şirkətinin ofisi, “İndesit” soyuducularının distributor mərkəzi və “Espanyol mebel” salonu yerləşirdi. Onlar da ərazidən köçürülüb. Amma ərazinin pulunun verildiyi bilinmir. Bir maraqlı tarixi də yada salaq ki, əslən qərbi azərbaycanlı olan Ayaz Orucov 1988-ci ildə “Meydan” Hərəkatı zamanı Nemət Pənahovun yaxın adamlarından biri olub. Hazırda “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevlə də biznes əlaqələri var. Xatırladaq ki, ötən ilin noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. Həmin vaxt “Nissan Juke”də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. Ailəli olan xanımların güllə atəşinə tutmasının səbəbini sonradan deputat oğlu “kefinin köklüyü” ilə izah edib. Rafiq Qara
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?