Hindistanda fəaliyyət göstərən radikal müsəlman qruplaşmalarının Azərbaycanda baza qurmaq planı barədə müzakirələr apardığı üzə çıxıb. Bu fakt hindistanlı mücahidlərin iki yüksək rütbəli komandiri, ötən il Hindistan-Nepal sərhədində həbs olunan Yasin Bhatkal və Əsədullah Əxtar əl-Hadi arasındakı internet yazışmalarından məlum olub.
Onların arasındakı internet yazışmalarını Hindistanın Milli Kəşfiyyat Agentliyi üzə çıxarıb.
İnternet yazışmalarından məlum olub ki, Hindistandakı radikal islamçı yaraqlılar “əl-Qaidə”yə bu ölkədə ayrıca özək yaratmaqda kömək edir. “Taliban” və “Hizbut-Təhrir” kimi radikal qruplaşmalarla əlaqələr müzakirə olunur və Pakistanın kəşfiyyat xidməti İSİ-nin nəzarətindən çıxmaq barədə müzakirələr aparılır.
Həmçinin hindistanlı radikallar öz aralarında Pakistandan əldə etməyə çalışdıqları nüvə başlığı ilə Hindistanın Surat şəhərinə hücum həyata keçirmək planlarını müzakirə edir. Y.Bhatkal və Ə.əl-Hadi həmçinin internetlə Pakistanda fəaliyyət göstərən radikal islamçı komandirlərdən Riyaz Bhatkalla İSİ-nin nəzarətindən çıxmaq məsələsini müzakirə edirlər. Riyaz Bhatkal söhbət zamanı dəfələrlə İSİ barəsində “itlər” ifadəsini işlədir və hindistanlı radikalların təkcə Pakistandan asılı olmamasının vacibliyi barədə danışır.
Hindistanın Milli Kəşfiyyat Agentliyi bildirir ki, internet yazışmalarının birində Riyaz Yasinə Uttar-Pradeş ştatında “əl-Qaidə”nin özəyini yaratmaq üçün adam tapılıb. Riyaz Bhatkal həmin söhbətdə hazırda “əl-Qaidə”nin tərkibində olduqlarını və əsas hədəflərindən birinin “yəhudilərə istiqamətlənmək olduğunu” yazır. Növbəti yazışmada Riyaz Yasinə “əl-Qaidə”nin hindistanlı radikalların ötən il Çxattisqrah ştatında maoçu Konqres liderlərinə hücumunu yüksək qiymətləndirdiyini yazır.
Daha sonra Yasin raket zərbələri üçün hazırlıq keçmək üçün göndərilir. Riyaz deyir ki, onlar yaxşı hazırlıq keçiblər və Əfqanıstanda daim onların üzərlərində işləyirlər. Hindistan mücahidlərinin qlobal əlaqələri barədə də danışılan yazışmalarda onların İSİ-nin nəzarətindən məmnun olmadıqları bilinir. Radikal islamçıların liderləri öz aralarında “əl-Qaidə” və “Taliban”ın köməyi ilə Hindistana qarşı müharibəni fəallaşdırmaq barədə də danışırlar.
İnternet yazışmalarından o da məlum olur ki, Hindistan mücahidlərinin sıralarında parçalanma var. Qruplaşmaların birinə Bada Sajid, digərinə İqbalı və Riyaz Bhaktal adlı radikal islamçı liderlər başçılıq edir. Hindistan Milli Kəşfiyyat Agentliyinin açıqladığı internet yazışmalarında həmçinin hindistanlı mücahidlərin Tibet və Azərbaycan kimi ölkələrdə bazalar və sığınacaqlar yaratmaq planlarından bəhs edilir.
Yazışmalardan o da məlum olur ki, Hindistanda fəaliyyət göstərən radikal qruplaşmaların əsas maliyyəçisi Dubaydan olan biznesmendir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?