Ziya Məmmədovun müfəttişləri yük maşını və taksi sürücülərinin başına oyun açırlar
Ziya Məmmədovun qoçuları özbaşına əməllərini davam etdirir. Nəqliyyat müfəttişləri sürücülərin başına oyun açırlar. Nazir belə qoçuları ilə bacarmır. Müfəttişlər Bakının müxtəlif ərazilərində reyd adı altında sürücülərin başına yenə min oyun açırlar. Dələduzluq və özbaşınalıqla məşğul olan müfəttişlər heç kimdən çəkinmirlər. Onlara hərəkətlərinə görə “gözün üstə qaşın var” deyən tapılmır. Bu barədə “Gündəm-xəbər” qəzetinə Xaçmazdan məktub göndərən sürücülər qeyd edirlər ki, nazirin qoçularının əlindən hara gedəcəklərini bilmirlər. Həm yük maşını, həm də taksi sürücüləri qoçuların hücumlarına məruz qalır. Şikayətçilər redaksiyamıza yazırlar ki, artıq nazirliyə şikayət etməyin mənası qalmayıb. Ərəbzəngi kimi yol üstündə dayanan müfəttişlər xərac toplayır, sürücülərə fiziki təzyiq göstərirlər. Xaçmazdan Bakıya yük gətirən sürücülər hər dəfə eyni problemlə üzləşir, qoçular rüşvət almamış onları buraxmırlar. Təkcə Xaçmazda yox, elə paytaxtda da oxşar vəziyyətdir. Metronun “Neftçilər”, “Koroğlu” stansiyaları yaxınlığında, o cümlədən Mikayıl Əliyev küçəsində nəqliyyat müfəttişləri “at oynadırlar”. Günün istənilən saatında onların hansı əməllərdən çıxdığını, ağır tonnajlı maşınların sürücüləri ilə necə davrandığını, yük maşınlarını sürənlərdən necə rüşvət tələb etdiklərini görmək olar. Müfəttişlər yenə də əvvəlki kimi rüşvət yığmaqda davam edirlər. Onlar etiraz edən və yaxud bir az dilləşən sürücüyə qarşı təhqiramiz ifadələr işlətməkdən, maşına oturdub ona zorakılıq tətbiq etməkdən çəkinmirlər. Sürücülərin sənədlərini zorla alıb, maşının nömrəsini açıb, hətta zorla pullarını götürürlər. Sürücülər Nəqliyyat Departamentinə getməklə məsələni “həll” etmiş olurlar. Bu idarədə isə sürücüyə bir şərtlə sənədləri və maşının nömrəsi qaytarılır - pulunu ver, heç yerə şikayət etmə. Nəqliyyat Nazirliyi müfəttişlərin bu əməllərini inkar etmir, onların cəzalandırıldığını deyir. Müfəttişlərin hərəkətləri o dərəcədə dözülməz həddə çatıb ki, onların bu əməllərini ölkə televiziyaları da artıq işıqlandırmağa başlayıblar. Taksi sürücüləri müfəttişlərdən dad eləyirlər. Onlar lisenziya və fərqlənmə nişanı üçün əlavə rüşvət verməkdən cana doyublar. Nəqliyyat Nazirliyinin taksilərə tətbiq etdiyi fərqlənmə nişanı hər ay dəyişdirilir. Sənədin 1 aylıq dövlət rüsumu 18 manatdır. Amma departament işçiləri həmin sənədi sürücülərə 56 manata satır. Rafiq Qara
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?