Astan Şahverdiyev Biləsuvardakı fermer təsərrüfatı və torpaq qalmaqalına, Etibar Hüseynov köçkünləri təhqir etməsinə, sabiq deputat Nizami İsgəndərov isə Nabrandakı faciəyə görə növbəti seçkiyə buraxılmaya bilər
Deputat Astan Şahverdiyev növbəti seçkilərdə mandatsız qalacaq. A.Şahverdiyevin parlamentə buraxılmayacağı bildirilir. Məlumata görə, deputat artıq missiyasını başa vurub və hakimiyyət onu növbəti dönəm üçün siyahıya salmaq istəmir. Məlumatda deyilir ki, onun fəaliyyəti dövründə adı müxtəlif şikayətlərdə hallanıb. Onun adının müğənni Firuzə İbadova ilə torpaq qalmaqalında hallanması əsas faktor olub. Astan Şahverdiyev biznes işlərinə daha çox vaxt ayırdığı üçün deputatlıq fəaliyyətində passivlik nümayiş etdirib. Eyni zamanda iqtidar yaxşı amilinə görə daha ahıl millət vəkillərini parlamentə buraxmaq istəmir. Qarşıdakı seçkilərdə yeni nəsilə üstünlük veriləcəyi gözlənilir. Deputatın köçkün şəhərciklərində olan ticarət obyektləri, şəhərin ayrı-ayrı yerlərindəki mənzilləri, Biləsuvar rayonundakı fermer təsərrüfatını sahib çıxması da iqtidarın qulağına çatıb. Mənbə iddia edir ki, müğənni torpaq qalmaqalı ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yazıb. Bundan sonra iş araşdırılıb və deputatın əməli ortaya çıxıb. Hakimiyyət ona qarşı qəzəblənib və növbəti seçkiyə buraxmaq istəmirlər. “Astan Şahverdiyevi seçkiyə buraxmaya bilərlər. İnsan Haqları Komitəsinin üzvü olsa da, Rəbiyyət Aslanova kimi fəallığı ilə seçilməyib. Onun adı həmişə biznesdə, qalmaqalda çəkilib. Müğənni ilə torpaq qalmaqalı isə sonuncu belə hadisələrdəndir. Ona görə də millət vəkili növbəti dəfə namizəd olmaya bilər. Hakimiyyət onun yerinə başqa kadr yetişdirir. Bu günlərdə Şahverdiyevin adı qara siyahıda yer almışdı. Belə güman olunur ki, qocaman deputatla vidalaşmaq vaxtı çatıb. Astan müəllim bəlkə də çox məşhur adamdır, çoxlu tələbələri, ya da ixtiraları-zadı var, hörmətli şəxsdir, pis insan deyil. Amma hər halda biz onun millət vəkili kimi hər hansı fəaliyyətinə rast gəlməmişik” ,- deyə mənbə iddia edir. Hörmətli, deputatın mövqeyini dərc etməyə hazırıq. Digər sabiq deputat - Nizami İsgəndərovdur. Sabiq deputatın 2 yaşlı İmran Cəfərzadənin ayağını itirməsinə səbəb olan “Nabran Holiday Village” istirahət mərkəzinə görə yenə də mandatı daha olmayacaq. Deyilənə görə, ötən il 2 yaşlı İmran Cəfərzadənin ayağını itirməsinə səbəb olan istirahət mərkəzinin adı dəyişdirilir. Ancaq İsgəndərov növbəti seçkidə də parlamentdə görünməyəcək. Sabiq deputat Nizami İsgəndərov bildirmişdi ki, “Nabran Holiday Village” istirahət mərkəzi son 4-5 ildir müqavilə əsasında müxtəlif icarədarlar tərəfindən idarə olunub. Həmin vaxt bu məsələ prezident İlham Əliyevin diqqətində idi. Ölkə başçısının göstərişi ilə balaca İmran təcili müalicə olunmaq üçün Almaniyaya göndərildi. Baş Prokurorluq isə “Nabran Holiday Village”in qapadılması və qapılarının möhürlənməsi barədə qərar çıxardı. Eyni zamanda səhlənkarlığa yol verən istirahət mərkəzinin 3 əməkdaşı həbs olundu. Millət vəkili Etibar Hüseynovun isə ANS telekanalında məcburi köçkünlər barədə səsləndirdiyi fikirlər ətrafında yaranan narazılıqlar böyüməkdədir. Sosial şəbəkələrdə etirazlar daha kəskin xarakter alıb. Etirazçılar millət vəkilinin üzr istəməsini tələb edirlər. Hətta millət vəkili üzr istəməsə, bununla bağlı etiraz aksiyası keçirəcəklərini bildirirlər. Laçından olan bir qrup məcburi köçkünün etirazı daha ciddi xarakterdədir. Onlar millət vəkilinin mandatının alınmasını və Qarabağ məcburi köçkünlərindən üzr istəməsini tələb edirlər. Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub sosial şəbəkələrdə bu barədə yazılan statusların birində deyib ki, bu adam ağzının sözünü bilməyən birisidir: “İllərdir ki, TV ekranlarından, deputat kürsüsündən insanlarımızı təhqir edir. Amma onun kimilərinin fitvasına uyub, bəzi dostlarımız bölgələrimizi üz-üzə qoymasınlar. Söhbət deputat adını daşıyan bir məxluqa cavab verməkdən getməlidir”. Vəziyyət olduqca kritikdir. Rafiq Qara
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?