Deputat köçkünləri təhqir etdiyinə görə bitirilir, mandatsız qalacağı təsdiqlənir, verilişini də bağladılar
Deputat Etibar Hüseynovun növbəti parlament seçkilərində mandat almayacağı təsdiqlənir. Bu barədə “Gündəm-xəbər”in ilk olaraq verdiyi məlumat özünü doğruldur. E.Hüseynovun məcburi köçkünlər barəsində söylədiyi sözlər və ardınca üzr istəməsi heç də qəzəbi soyutmayıb. Onun ATV-də yayımlanan “Sitatın Sonu” verilişi də bağlanıb. Mətbuat artıq bu xəbəri verib. Məcburi köçkünlər barəsində ifadələrinə görə hakimiyyət dairələrində sərt şəkildə danlanan deputata ciddi xəbərdarlıq edilsə də, bu az olub. Onun verilişini də bağlayıblar. Milli Məclisin spikeri Oqtay Əsədov da Etibar Hüseynov haqqında kəskin mövqeyini ifadə etmişdi. Deputatla söhbət etdiyini deyən spiker Etibar Hüseynova yönəlik ironiya ilə onun məcburi köçkünlərdən “bacardığı qədər” üzr istədiyini demişdi. Mənbənin sözlərinə görə, deputatın bu çıxışı prezidenti qəzəbləndirib. Ölkə başçısı özünü apara bilməyən adamların parlamentdə təmsil olunmasına hirslənib. Qaynağımız qeyd edir ki, hakimiyyət Quba və İsmayıllı hadisələrinin təkrarlanmasından çəkinib. Təhqirə görə hökumət kifayət qədər baş ağrısı görüb. Yenidən belə problem yaşamaq istəmir. Qarabağlıların deputata qarşı qəzəbi soyumayıb və iqtidarda olan bu bölgənin məmurları da Hüseynovun cəzalandırılmasını prezidentdən istəyiblər. Bəlli olduğu kimi, Etibar Hüseynov bu üzrxahlığı, öz səhvini anlayaraq səmimi qaydada yox, inzibati təzyiqin nəticəsi olaraq etdi. Onun təhqiramiz açıqlamalarından sonra media və sosial şəbəkələrdə “Etibar Hüseynov, üzr istə!” tələbi ilə kampaniya başladı. O isə bu çağırışlara nəinki normal cavab vermədi, üstəlik, inadkarlıq edərək, hisslərə toxunan başqa bir açıqlama da yaydı. Hüseynovun üzrxahlığında çoxlarının diqqətindən yayınan incə bir məqam var. Deyir ki, ona qarşı kampaniyanın kim tərəfindən aparılması barədə artıq faktlar əldə edib və bu faktları toplayıb, ölçü götürülməsi üçün müvafiq orqanlara təqdim edəcək. Etibar Hüseynovun ilin əvvəlində ATV-dəki verilişini də hakimiyyətdəki bir dairə yasaqlayıb. Ancaq ehtimalla demək olar ki, bu dairənin əsas təmsilçilərindən biri elə spiker Oqtay Əsədovdur. Əsədovun Etibar Hüseynova qarşı mövqeyi bu vaxta qədər tək-tük deputatlara göstərdiyi qədər sərt olub. Son sessiyada o, Etibar Hüseynova “sən nə qədər az danışsan, o qədər yaxşıdır” demişdi. Bundan əvvəl də spiker Hüseynovu “tormozu olmamaqda” günahlandırmışdı. Daha əvvəl - 2011-ci ildə Etibar Hüseynov ilk dəfə məcburi köçkünləri torpaqlarını atıb, qaça-qaça Bakıya gəlməkdə ittiham edəndə də spiker onu siyasi təcrübəsizlikdə və etikadan kənar nitqlər səsləndirməkdə günahlandırmışdı. “Azad Azərbaycan” telekanalının “Xəbərlər” departamentinin rəhbəri Vaqif Aydınoğlu verilişin bağlanması xəbərini qismən təsdiqləyib. Mənbəmiz qeyd edir ki, hakimiyyət artıq yeni siyasi kurs seçib. Bura ən incə xətaya yol verən məmurun cəzalanması daxildir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?