“Xaricdə əməliyyat olunan şəxsin ölümü haqqında məlumat Səhiyyə Nazirliyinə gəlmir”
Bu sözləri açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Qədirli xərçəng xəstəliyindən vəfat etmiş 17 yaşlı Nərmin Hüseynlinin ölümündən sonra ailəsinə göndərilən məktuba münasibət bildirərkən dedi. Onun sözlərinə görə, mətbuat bu məsələni elə formada işıqlandırır, sanki Nərmin Hüseynlinin müalicəsinə kömək məqsədilə ailəsi müraciət edib və Səhiyyə Nazirliyi onlara xanım öləndən sonra cavab yazıb: “Ancaq bu belə deyil. Nərmin Hüseynli Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə olunub. Daha sonra ailə qərara gəlib ki, müalicəsi üçün qızlarını xaricə aparsınlar. Böyük ehtimalla ailə xaricdə olduğu müddətdə Səhiyyə Nazirliyinə müraciət daxil olub. Nərmin xanım bir müddət orada qaldıqdan sonra vəfat edib, nəşi vətənə gətirilib. Və Səhiyyə Nazirliyinin cavabı da bundan sonra ailənin ünvanına gəlib. Burada yardımdan söhbət getmir axı. Nərmin xanım əməliyyat olunmuşdu artıq. Onların müraciəti xanımın təcili əməliyyatı ilə bağlı deyildi. Xaricdə əməliyyat olunan şəxsin ölümü haqqında məlumat Səhiyyə Nazirliyinə gəlmir. Əgər xanım bizim xəstəxanaların birində vəfat etsəydi, bununla bağlı nazirliyə məlumat gələrdi. Gün ərzində yüzlərlə insan ölür və bu haqda məlumat da dərhal daxil olmur. Xaricdə baş verən ölüm faktı ilə bağlı məlumat isə ümumiyyətlə nazirliyə daxil olmur. Bu baxımdan nazirlik necə bilə-bilərdi ki, müraciət edən xanım vəfat edib”. A.Qədirli bildirdi ki, ailə nazirliyə müraciət etdiyi günün səhəri də vəfat edə bilərdi: “Kimsə nazirliyə müraciət edir və sabahı gün müraciət ünvanlayan şəxs dünyasını dəyişir. Nazirlikdən həmin şəxsə bir həftə ərzində cavab məktubu gəlir. Bu Səhiyyə Nazirliyinin günahı kimi başa düşülməməlidir. Nazirliyə ölən şəxsin vəfatı ilə bağlı məlumat daxil olmayıbsa, onun müraciətinə mütləq cavab verilir”. Nazirlik sözçüsü qeyd edir ki, vəziyyəti kritik olan xəstələrin əməliyyatı, müalicəsinə köməklik məqsədilə müraciətlərə operativ şəkildə reaksiya verilir: “Əgər yerli xəstəxanaların birində müalicə görən şəxs təcili əməliyyat olunmalıdırsa, xəstəxana onu dərhal əməliyyat edir. Bunun üçün əlavə yerə müraciət etməyə ehtiyac yoxdur. Çünki, xəstəxana özü bunu həyata keçirir”. Qeyd edək ki, Nərmin Hüseynlinin dünyasını dəyişməsindən 21 gün sonra Səhiyyə Nazirliyi ailəyə qızlarının müalicəsi üçün yardım edəcəyi ilə bağlı məktub göndərib. Xərçəng xəstəliyindən əziyyət çəkən N.Hüseynli martın 10-da dünyasını dəyişib. Məktub isə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri G.Poladov tərəfindən 21 gün sonra – martın 31-də imzalanıb. Prezident Administrasiyasıdan göndərilən həmin müraciətin Səhiyyə Nazirliyinə daxil olma tarixi isə bəlli deyil. E.QASIMOV
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?