Məşhur rusiyalı telejurnalist, NTV teleşirkətinin keçmiş baş direktoru Yevgeni Kiselyov Rusiyanın Ukrayna ərazilərini ələ keçirməsini pisləyib. Kiselyov Praqada “Azadlıq” radiosunun redaksiyasına gələrək öz mövqeyini çatdırıb. “Mən Ukraynaya qarşı təcavüz həyata keçirən ölkə ilə hər hansı münasibətimin olmasını istəmirəm, Rusiya vətəndaşı olmağıma görə utanıram”, - deyə o bildirib. Y.Kiselyov deyib ki, Putinin məsələlərə spesifik baxışı var. Bu baxış xüsusi xidmət orqanlarına xasdır, özü də Rusiya xüsusi xidmət orqanlarına: “Belə adamlar konspiralogiyaya, müxtəlif cür imperiya nəzəriyyərlərinə, ola bilsin Avrasiya nəzəriyyəsinə inanırlar. Putini məndən daha yaxşı tanıyanlar danışırlar ki, o, əslində heç bir Ukrayna xalqının mövcud olmadığını hesab edir. Hesab edir ki, yeganə xalq rus xalqıdır, onun budaqları - “malorosslar”dır. O, ayrıca Ukrayna xalqının mövcud olduğuna inanmır”. Bəs Putin Ukraynadan sonra nə qədər uzağa getmək istəyir? Belarusa, Qazaxıstanın şimal rayonlarına, Litvaya, Latviyaya, Estoniyaya? O, nədə dayana bilər, Putinin imperiya ambisiyalarının sərhədi haradadır? Y.Kiselyov hesab edir ki, bunlar mürəkkəb suallardır: “Onlara cavab vermək üçün gərək Putinin kəllə qutusunu açasan və baxasan ki, orada nə baş verir. Lukaşenko hiyləgər və təcrübəli siyasətçidir. Bax, elə indi o, bəyan elədi ki, Turçinovu legitim rəhbər kimi qəbul edir. Fikrimcə, Lukaşenko indi çox narahatdır. O, Rusiyanın bir hissəsi olan Belarusun qubernatoruna çevrilmək istəmir. Çünki, Kreml istənilən qubernatoru istədiyi vaxt azad edə bilər. O ki, qaldı Baltik ölkələrinin də Putinin planlarına daxil olması məsələsinə, vəziyyətin destablizasiyası məsələsində şübhəsiz ki, bu belədir. Artıq indidən Estoniyadan hansısa rusdilli fəalların referendum keçirmək barədə səslərini eşidirik. Hesab edirəm ki, məsələ “yaşıl adamcıqlara” (tanınma nişanı olmayan hərbi geyimli rus xüsusi təyinatlılarına Ukraynada verilən ad) qədər gedib çıxmayacaq. Ancaq vəziyyətin destabilizasiyası mümkündür. Qazaxıstan barədə danışmaq isə mənə çətindir, çünki oradakı vəziyyəti bilmirəm. Ancaq biz görürük ki, Putinin planlarından artıq Azərbaycan prezidenti İlham Əliyev də narahatdır”.
Sorğu
Yeni dizaynımız necədir?