Respublika Bankın Sabirabad filialının rəhbəri idarə və müəssisə rəhbərləri ilə əlbir olaraq saxta sənədlərlə kredit verirmiş
Saatlıda uzun müddətdən bəri davam edən qalmaqalın üzəri açılıb. “Gündəm xəbər”ə daxil olan məlumata görə, həmin qalmaqal isə banklardan birinin yerli filialının rəhbərinin pul qazanmaq üçün orijinal üsula baş vurması olub. Redaksiyamıza müraciət edən Saatlı rayonu, Mais Əliyev küçəsi ev 61-də yaşayan Cabir Cahangirov son bir həftədir rayon rəhbərliyinin belə qarışdığı məsələ ilə bağlı maraqlı faktlar açıqlayıb. O yazıb ki, Respublika Bankın yerli filialının rəhbəri Ağadədə Babayev onu aldadaraq, saxta sənədlərlə kreditlər verib. “Ağadədə Babayev məni sövq edirdi ki, ona müştəri gətirdikcə mənə maaş verəcək. Bunun müqabilində isə A.Babayev verilən hər 3500-4000 manat kreditə görə 600 manat, hər 5000 manat kreditə görə 1000 manat, 10 min manata görə isə 2000 manat “şapka” alıb”. Saatlı sakini yazır ki, bu olaylarla bağlı əlində sms-lər var. Eyni zamanda, o qeyd edib ki, Respublika Bankın yerli filialının rəhbəri Ağadədə Babayev və bankın əməliyyatçısı Azər əlbir olaraq, onun əliylə indiyə qədər 150 min manata yaxın kredit veriblər. “A.Babayev Sabirabad rayonu ərazisində yerləşən Bayraq Meydanında, Pambıq Zavodunun yanında və Sabir heykəlinin qarşısında mənimlə görüşərək, banka gələn müştərilərin sayını çoxaltmağımı tapşırırdı. Mənə deyirdi ki, banka gələn müştərilər elə mənim adımı verərsə, onlara kredit ayıracaq. Elə buna görə də, davamlı olaraq kredit işi və ödənişlərlə bağlı Sabirabad filialına gəlirdim”. Cabir Cahangirov daha sonra vurğulayır ki, A.Babayev ona kredit verib və bildirib ki, həmin pulla bəzi şəxslərin yerinə ödənişlər aparım. “Çünki, həmin adamlar kredit ödəmirdilər. Amma ayrılan hər kreditə görə “şapka” alaraq, onun özünə vermişəm. Bunu da belə əsaslandırırdı ki, aldığı “şapka”nın çox hissəsini yuxarılara və əməliyyatçı Azərə də verir. Məhz bunun sayəsində adını yaza bilməyən adamlara saxta yollarla sənəd düzəldərək, onlara kredit verirdilər”. Saatlı sakini sonda bildirir ki, müraciət etməkdə məqsədi Bank Respublikanın Sabirabad filialının rəhbəri Ağadədə Babayevin əməllərinə qiymət verilməsi və onunla bağlı hüquqi tədbirlərin görülməsidir. O vurğulayıb ki, ünvanladığı şikayət məktubu eyni zamanda 15 YAP üzvü tərəfindən də imzalanıb. Qeyd edək ki, Cabir Cahangirovun dedikləri ilə bağlı biz də bir qədər araşdırma aparmışıq. Əldə etdiyimiz məlumata görə, Saatlı rayonundan olan şəxslərə kredit verilən zaman onlara saxta sənədlərin hazırlanmasında elə yerli idarə və müəssisə rəhbərləri yardımçı olublar. Hətta adını yaza bilməyən adama guya, orta məktəbdə müəllim işlədiyinə dair arayış verilib. Həmçinin anoloji proses Saatlı Səhiyyə Şöbəsi və digər dövlət qurumlarında da yaşanıb. Araşdırmalardan o da aydın olub ki, kredit şəklində ayrılmış ümumi məbləğ heç də Cabir Cahangirovun dediyi kimi, 150 min manat olmayıb. Bu rəqəm 450 min manat civarındadır və prosesə Sabirabaddan da olan xeyli sayda adamlar cəlb edilib. Son bilgilərə görə, Saatlıda saxta sənəd verən idarə və müəssisə rəhbərləri işin üstünün açılmasından ehtiyat edərək, Respublika Bankın yerli filialının rəhbəri Ağadədə Babayevlə işi ört-basdır etməyə çalışırlar. Yazıda adları çəkilən şəxslərin və qurumların nümayəndələrinin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?