Rusiyanın Krımın ilhaqı və Ukraynanın cənub-şərqində qeyri-sabitlik zamanı tətbiq etdiyi hərbi-siyasi nou-hausu təkcə Kiyevdə yox, Moskva üçün yaxın və uzaq xaricdə hökumət və siyasilərin işə qarışması ilə nəticəlnədi. Ön səhnəyə Leninin “silahlı adamı”nın və ya “yaşıl adamın” çıxması Ukrayna əhalisinin daxili siyasi etirazı kimi təqdim edilir. Çoxları şübhə etmir ki, yerli partizanların maskası arxasında Rusiya hərbçiləri və agentlərinin sifəti gizlənir. Amma sabitliyin pozulması və hərbi-siyasi müdaxilə üçün bəhanə yaradılması çar, sonra isə bolşevik Rusiyasının sınaqdan çıxmış taktikasının modifikasiyasıdır. Ondan əvvəlcə qonşu ərazilərin, sonra isə sovet respublikalarının işğalında istifadə edilib. Rusiyalı müəllif Aleksandr Şirokorada görə, “sovet qoşunlarının Azərbaycana soxulması standart bolşevik üsulu ilə həyata keçirilib: yerli inqilab komitəsi gerçək və ya “virtual” fəhlə üsyanı yaradır və kömək üçün Qızıl Orduya müraciət edir. 60 ildən çox bu sxemlə hərəkət edilib - 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və s.”. Maraqlıdır ki, Ukraynanın cənub-şərqində separatizmin qızışdırılması və Moskvanın hərbi təzyiqi ölkənin bu hissəsində Ukrayna ordusunun zəif iştirakı ilə şərtlənir. Yanukoviçin hakimiyyəti zamanı hərbi hissəslər ordan çıxarılıb və ya buraxılıb. Rəsmi Kiyev Krımı itirəndən sonra əməliyyat gedişində hərbi gücü artırmalı, orduya səfərbərlik elan etməli olub. XI Qızıl Ordunun 1920-ci ildə Azərbaycanı işğal etməsi də ölkənin şimalında ciddi hərbi gücün olmaması ilə bağlı idi. Praktik olaraq bütün ordu cənub-qərbdə erməni silahlı qüvvələri ilə vuruşurdu. 27 aprel 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının silahlı qüvvələrinin heyəti 30 minə yaxın (müntəzəm piyadalar 15 min süngü, kavaleriya 5 min qılınc) idi. Amma əsas qüvvələr (20 min nəfər) Qarabağ və Zəngəzurda daşnak Ermənistanı ilə döyüşürdü. Qalan hissələr bütün ölkə boyu səpələnmişdi. Dağıstan sərhədində, Samur çayı rayonunda, Quba, Qusar və Xudat stansiyasında 3 min nəfər, iki zirehli qatar; sərhəddə jandarm divizionu vardı. Bakı qarnizonu isə 3 min nəfərdən ibarət idi, deyə Vikipediya məlumat verir. Bu gün oxşar vəziyyətdir – Rusiyanın cənubunda Cənub Hərbi Dairəsinin böyük gücləri yerləşir. Onların bir hissəsi Krımın ilhaqında iştirak edib. Bu, güclü bir yumruqdur, Şimali Qafqazda antiterror əməliyyatları ilə əlaqədar daim hərəkətdədir. CHD-nin nüvəsi 58-ci ümumqoşun ordusudur, onun sayı 70 min nəfərdir. O, Azərbaycan-Gürcüstan istiqamətində cəmləşib və Azərbaycanın şimalında asanlıqla problem yarada bilər. Rusiya mənbələrinə görə, ora ciddi müdafiə olunmur. Azərbaycanın 56 min nəfərlik quru qoşunları beş ordu korpusundan ibarətdir. 1-ci, 2-ci, 3-cü korpuslar Qarabağ istiqamətində cəmləşib, 2-ci korpusun bir hissəsi Azərbaycan-İran sərhədindədir. 4-cü (Bakı) korpusu paytaxtı və dəniz sahilini qoruyur, 5-ci Naxçıvandadır, deyə hərbi ekspert Nikolay Rakovski yazır. Burdan belə nəticə çıxır ki, şimal-qərb istiqamətində hərbi qruplaşmalar yoxdur, şimal cinahı isə “Qızıl Ordu -2”nin maneəsiz hərəkəti üçün açıqdır. Həmçinin məlum deyil, Bakı korpusu nə dərəcədə inkişaf edib. Onu sovet diviziyası bazasında, köhnə silahla şəxsi heyətin 10%-dən formalaşdırıblar. Əgər 1920-ci ildə Qızıl Ordunun 8 zirehli qatarına qarşı 1 Azərbaycan qatarı dururdusa, indi şimal istiqamətində tank və artilleriya üzrə, yəqin ki, bu nisbət yenə qalır. Rusiya rusdilli əhalinin və ya öz vətəndaşlarının hüquqlarının qorunması üzrə Ukrayna taktikası tətbiq etsə, əhalinin sosial-iqtisadi vəziyyətlə bağlı narazılığı, Azərbaycanın siyasi dairələrində Rusiyayönlü qrupların aktivləşməsi şəraitində ı hərbi-siyasi planda bunun qarşısında durmaq çətin olacaq. Buna nümunə olaraq hakimiyyətyönlü deputat Qüdrət Həsənquliyevin Rusiya qoşunlarını Azərbaycana dəvət etmək və onlara ölkənin ərazi bütövlüyünü qorumaq üçün daim burda qalmaq imkanı vermək çağırışını göstərmək olar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?