Nadir Qəhrəmanovun şadlıq evi və tibb mərkəzi əlindən alınıb; Sumqayıt universitetinin keçmiş rəhbəri il bağlı araşdırma gedir
Hüquqları pozulan bir qrup tələbə Sumqayıt Dövlət Universitetinin keçmiş rektorundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ediblər. Müraciətdə deyilir ki, keçmiş rektoru Nadir Qəhrəmanov işlədiyi dövrlərdə Təhsil Nazirliyi və Hesablama Palatası birgə olaraq maliyyə yoxlamaları aparıblar. Yoxlamalar nəticəsində ciddi qanun pozuntularına rast gəlinsə də, sabiq rektor rəsmi qurumların nümayəndələrini öz bildiyi üsullarla razı salmağı bacarıb. Yoxlama zamanı universitetdəki maliyyə vəsaitlərinin mənimsənilməsi, təmir-tikinti üçün ayrılmış pulların təyinatı üzrə xərclənmədiyi, təhsil ocağında ştatdan kənar işçilərin saxlanması, tələbələrdən imtahanlar üçün rüşvət tələb edilməsi halları gizlədilib. Nadir Qəhrəmanov vəzifədən azad edilsə də, söz-söhbətlər səngimək bilmir. SDU-nun keçmiş rektoru ilə bağlı xüsusi hazırlıq gedir. Tələbələrin müraciətinə əsasən, onu həbs edə bilərlər. Özəl mənbənin məlumatına görə, rektorun tələbələrə qarşı törətdiyi qanunsuzluqlar sübuta yetirilsə onu ağır cəza, konkret olaraq həbs gözləyir. Bu isə o deməkdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tələbələrin şikayətini araşdırır. Nadir Qəhrəmanov rektor işlədiyi illərdə özünə Saray-Sumqayıt yolunun kənarında üçmərtəbəli “Yetər” şadlıq evini tikdirib. Həmçinin universitetin ərazisini zəbt edərək orada çoxmərtəbəli binalar və sexlər inşa etdirib. SDU-nun arxasındakı yaşıllıqları məhv etdirərək yerində özəl tibb mərkəzi ucaldıb. Qaynağımız deyir ki, sabiq rektorun biznesi çökdürülüb, şadlıq evi və tibb mərkəzi əlindən alınıb. Hazırda klinikada da təftiş aparılır. Ehtimal olunur ki, N.Qəhrəmanovun həbsi üçün zəmin hazırlanır. Keçmiş rektorun əməllərinin əndazəni aşması onun məhbəsə salınması ilə nəticələnə bilər. Mənbə qeyd edir ki, sabiq rektordan edilən şikayətlər əsasında həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir. Amma bunun nə vaxt reallaşacağı dəqiqləşməyib. Keçmiş rektorun obyektləri əlindən alınsa da, bu həbsdən yaxasını qurtarmağa kömək etməyib. Görünür, hələ qarşıda ondan alınacaq daha çox əmlak var. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Rafiq Qara
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?