AXCP-nin qərargah kimi istifadə etdiyi, bir neçə ay əvvəl partlayış baş verdikdən sonra sökülən mülkün sahibi Azər Əsgərov saxlanılaraq polisə aparılıb.
Bu barədə musavat.com-a onun yaxınları məlumat verib. Xəbərdə bildirilir ki, A.Əsgərov günorta saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb və 18-ci polis bölməsinə aparılıb. Onun həbs edilməsi planlaşdılır. Mənbə deyib ki, A.Əsgərov polis bölməsində bir neçə saat saxlanıldıqdan sonra o, Nərimanov Rayon Məhkəməsinə aparılıb. Ona qarşı hansı ittihamın irəli sürüldüyü haqda hələlik məlumat yoxdur. Hüquqşünas Namizəd Səfərov musavat.com-a açıqlamasında bildirdi ki, günorta saat 13 radələrində A.Əsgərov ona telefon açaraq saxlanıldığını və Nərimanov Rayon Məhkəməsinə aparıldığını deyib: “Mən məhkəməyə getdim, orada məlum oldu ki, Azər Əsgərov qarşı xırda xuliqanlıq, polisə tabe olmamaqda ittiham edilir. Mənə bildirdilər ki, Vəkillər Kollegiyasının üzvü olmadığım üçün bu işdə Azər Əsgərovun hüquqlarını müdafiə edə bilmərəm. Söhbət zamanı o da məlum oldu ki, Əsgərovun barəsində həbslə bağlı olmayan inzibatı cəza tədbiri görülə bilər. Ancaq sonradan onun haqqında heç bir məlumat ala bilmədik, telefonu da söndürülüb. 18-ci polis bölməsindən deyirlər ki, həmin şəxsi onlar saxlayıb sonra buraxıblar, məhkəmədən də heç bir informasiya ala bilmirik. Əsgərovun yaxınlarına da heç bir informasiya verilməyib. Qeyri-rəsmi informasiya isə ondan ibarətdir ki, onun məhkəməsi avqustun 25-ci saat 10-a təyin olunub. Görünür, ortada nəsə qaranlıq məqamlar var. yəni mümkündür ki, sonradan Azər Əsgərovun barəsində cinayət işi də başlanılsın, nə desən gözləmək olar. Hesab edirəm ki, Azər Əsgərova qarşı bu ittihamlar uydurmadır, sadəcə o, dağıdılan mülkünə görə mübarizə apardığı üçün başına bu oyunu gətirirlər”. Xatırladaq ki, Azər Əsgərov uzun illərdir Türkiyədə yaşayan A.Əsgərov Nərimanov rayonu ərazisində yerləşən mülkünü AXCP-yə qərargah kimi icarəyə vermişdi. Partiya orada yerləşəndən bir neçə ay sonra orada partlayış baş verdi və bunun ardınca həmin mülk söküldü. Əsgərova isə indiyədək mülkünün sökülməsinə görə kompensasiya verilməyib. Onu da qeyd edək ki, A.Əsgərov mülkünün dağıdılmasından sonra sosial şəbəkələrdə hakimiyyətə qarşı radikal çıxışlar edirdi. İstisna deyil ki, onun saxlanılması daha çox bu amillə bağlıdır.
Sorğu
Yeni dizaynımız necədir?