Müsavat başqanlığına əsas iddiaçılardan hesab olunan partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.az-a müsahibəsində namizədliyini hələ də rəsmən irəli sürməməsinin səbəbləri, başqanlıq yarışında rəqabət mühiti, həmçinin qurultayla bağlı məsələlərə aydınlıq gətirib.
- Arif bəy, başqanlığa əsas namizədlərdən biri hesab olunursunuz. Amma hələ də rəsmi olaraq namizədliyinizi irəli sürməməsiniz.
- Mən hələ tələsmirəm. Vaxtı gələndə namizədliyimi rəsmən irəli sürəcəm və bu barədə mətbuatı məlumatlandıracam.
- Bəs hansısa təbliğat kampaniyası aparırsınızmı?
- Rəsmi namizəd olmadığım üçün kampaniyaya başlamamışam. Bu seçki kampaniyasında bizim opponentlik etdiyimiz şəxslərin Müsavatın üzvü olduğunu, həmçinin seçkilər başa çatandan sonra yenə də fəaliyyətimizi birlikdə davam etdirəcəyimizi nəzərə alaraq, mən böyük, partlayışlı seçki kampaniyası aparmaq niyyətində deyiləm. Namizədliyimi hələ də irəli sürməməyimin səbəblərindən biri budur.
- Yəni seçki kampaniyanız sadə olacaq?
- Təbii ki, namizədliyimi irəli sürəcəyim təqdirdə təbliğat-təşviqat kampaniyası qurulacaq. Amma bu, mənim, adətən, apardığım seçki kampaniyalarından ciddi surətdə fərqlənəcək.
- Bu günlərdə Rəsulzadənin həyatda olan silahdaşlarından Yəhya Taşdələn sizi dəstəklədiyini açıqladı. Bu, sizin üçün daha bir dəstək demək deyilmi?
- Mən hər bir Azərbaycan vətəndaşının, o cümlədən Azərbaycanı sevən insanların Müsavatın qurultayına marağını yüksək qiymətləndirirəm.
- Bəzən mətbuatda başqanlığa namizədlər arasında kəskin mübarizə getdiyi haqda xəbərlər yayılır. Rəqabət mühiti necədir?
- Təbii ki, müəyyən rəqabət mühiti var. Buna təbii və normal yanaşmaq lazımdır. Müsavat Azərbaycana demokratik mübarizə və fəaliyyət nümunələri gətirib. Bu da növbəti bir nümunədir.
- Maraqlıdır ki, qurultay sentyabrın 27-nə təyin edilib və vaxt getdikcə daralır. Amma qurultayı keçirmək üçün yer problemi hələ də qalır. Ola bilərmi ki, qurultay müəyyən müddətə təxirə salınsın?
- Bakı Şəhər İcra Hakimiyyətinə qurultayı keçirmək üçün yerlə bağlı müraciət göndərilib. Müəyyən sarayların rəhbərliyi ilə də danışıqlar aparılıb. Hökumət siyasi iradə göstərsə, bunu bir günə də həll etmək olar. Nəzərə alsaq ki, onların cavab məktublarında müxtəlif şadlıq evləri ilə danışıqlar aparılması təklif olunub. Biz bu təklifləri nəzərə almışıq. Düşünmürəm ki, hökumət qurultayın uzanması üçün bundan sonra da hansısa addımı atsın. İnanıram ki, sentyabrın 27-də qurultay keçirdə biləcəyik. Hazırda Müsavatın özündən asılı heç bir problem yoxdur. Qurultay üçün işlər tam şəkildə yekunlaşdırılır, seçki kampaniyası gedir. Biz sentyabrın 27-nə qurultayı keçirmək üçün zəruri olan ilkin prosedurları həyata keçirmişik. Müsavatın özünün təşəbbüsü ilə qurultayda ləngimələrin olacağı gözlənilmir. Yalnız hökumət tərəfindən nəsə maneələr olarsa, qurultay təxirə salına bilər.
- Qurultayın partiyanın qərargahında keçirilməsi kimi təkliflər də var.
- Bu, müzakirə olunan mövzulardan biridir. Amma düşünmürəm ki, hakimiyyət dairələri qurultay üçün yer ayıracaqlar.
- Arif bəy, son bir məsələni soruşmaq istəyirəm. Belə bir fikir var ki, müsavatda üstqurumun yaradılması və İsa Qəmbərin veto hüququnun saxlanılması üçün qurultaya təklif veriləcək. Bu barədə nə deyə bilərsiniz?
- Bununla bağlı müxtəlif təkliflər var və bütün təkliflər müzakirə olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?