“Prezidentin kadr islahatlarını davam etdirəcəyi və qısa zamanda daha bir neçə icra başçısı vəzifəsində yerdəyişmələr edəcəyini proqnozlaşdırırıq”.
Bu sözləri politoloq Qabil Hüseynli Şəmkir icra başçısının işdən alınmasının kadr islahatlarının növbəti mərhələsinin başlanğıcı olması ilə bağlı məsələyə münasibət bildirərəkən söylədi. O, İlham Əliyevin yaxın müddətdə Nazirlər Kabinetində də müəyyən dəyişikliklər edəcəyini istisna etmədi: “Bir müddət öncə Prezident İlham Əliyevin payızda geniş kadr islahatlarına başlayacağı barədə xəbər yayılmışdı. Xəbərlərdə kadr islahatlarının icraedici hakimiyyətin aşağı hissəsini yox, həm də yuxarı dairələri əhatə edəcəyi qeyd olunurdu. Amma kadr islahatlarının hələlik icra hakimlərini əhatə etdiyini müşahidə edirik. Düşünürəm ki, prezident bu prosesi davam etdirəcək. Çünki müəyyən rayonlarda əhalinin icra başçılarından narazı olduğu barədə sosioloji sorğuların nəticələri var. Hesab edirəm ki, qısa zamanda daha bir neçə icra başçısının dəyişdirildiyini görəcəyik. Amma məncə, bir müddət əvvəl yayılan xəbər də əsassız deyil və prezident Nazirlər Kabinetində də müəyyən dəyişiklik edəcək”. Politoloq vəzifədən gedəcək şəxslər barədə müəyyən rəylərin olduğunu bildirsə də, ad çəkilməsini qeyri-etik saydı: “Bunlar yalnız ehtimallardır və ad açıqlanması qeyri-etik olardı, çünki bu, birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Əsas məsələ fərdlər deyil, prosesin özüdür”. axar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?