Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Azərbaycanda ötənilki prezident seçkiləri dövründə təxribatçı çıxışları ilə yadda qalan Söyün Sadıqov yeni imicdə yeni missiyanın icrasına başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, noyabrın 4-də Simferepolda rusiyameylli Krım tatarlarının qurultayı keçirilib və orada Söyün Sadıqov da iştirak edib.
Qurultaya Krım tatarlarının lideri, Krımın Rusiya tərəfindən ilhaqını qəbul etməyən və bu üzdən Simferepola buraxılmayan Mustafa Cəmilova müxalifətdə olan tatarların nümayəndələrinin iştirak etdiyi bildirilir.
Tatarların qurultayında 160-a yaxın adam olub. Moskvanın nümayəndəsi qismində Rusiya Xalqları Assambleyasının müşaviri və Putinin səlahiyyətli nümayəndəsi qismində Söyün Sadıqov qurultayın rəyasətində yer alıb.
Qurultayda Krım tatar xalqının İctimai Şurası təsis olunub. Şuranın qarşısında Krım tatarlarının dövlətçilik ənənələrinin formalaşdırılması vəzifəsi qoyulub. Şuraya 15-dən çox tatar ictimai birliyinin nümayəndələri daxil olublar.
Şuraya “Krım birliyi” adlı tatar təşkilatının rəhbəri Seytumer Nimetullayev başçı seçilib. Qurultayda Krım tatar xalqına, həmçinin Rusiyanın hakimiyyət orqanlarına, şəxən prezident Vladimir Putinə müraciət qəbul edilib.
S.Nimetullayev bildirib ki, Rusiya Krım tatarlarının öz vətənlərində rahat yaşaması üçün hər şeyi edir.
“Vladimir Vladimiroviçin dilindən şəxsən eşitmişəm, çünki mən onun cəmi bir metrliyində oturmuşdum və bir-birimizin gözlərinə baxırdıq. O dedi ki, siz qurun, yaradın, Rusiya dövləti bu gün hər şeyi edir ki, Krım tatarları rahat yaşasın” - deyə Nimetullayev bildirib.
Qeyd edək ki, ekstravaqant obrazı ilə tanınan keçmiş KQB əməkdaşı Söyün Sadıqov qurultayda yeni imicdə iştirak edib. Fotolardan məlum olur ki, bu dəfə o, çənəsində iri topa saqqal buraxıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?