Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Bibiheybət qəsəbəsində tikəcəyi binanı evsiz jurnalistlərə paylayacaq Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov Azərbaycan jurnalistləri üçün Bakıda, Bibiheybət qəsəbəsində yaşayış binası tikəcək.
Bu sensasion məlumatı AzPolitika.info-ya Söyün Sadıqovun özü verib. O, əməkdaşımızla söhbətində deyib ki, hazırda binanın tikintisi üçün yerin müəyyənləşdirilməsi və sənədləşmə işlərinin başlanmasına hazırlıq gedir.
“Milyarderlər İttifaqı”nın üzvü əlavə edib ki, şəxsi vəsaiti hesabına tikəcəyi evləri jurnalistlərə pulsuz paylayacaq. Namizədlər 10 ildən artıq mətbuatda işləyən evsiz jurnalistlər arasından seçiləcək. Bölgü şəxsən S.Sadıqovun nəzarəti altında açıq püşkatma yolu ilə aparılacaq.
Qeyd edək ki, elə bu gün Azərbaycan prezidentinin sərəncamı əsasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən yaşayış binasının açılışı olub. Tədbirdə prezident İlham Əliyev də iştirak edib, həmçinin yeni binanın da təməli qoyulub.
Lakin Mətbuat Şurasının təşkilatçılığı ilə aparılan ev bölgüsü böyük narazılıq yaradıb. Belə ki, illərdir kirayələrdə qalan jurnalistlər bölgüdən kanarda qalıb, əvəzində Bakıda bir neçə evi, bahalı avtomobilləri olan baş redaktorlar ev alıb.
Söyün Sadıqovun 22 İyul – “Milli Mətbuat Günü”ndə Azərbaycanın evsiz jurnalistləri üçün ev tikəcəyini elan etməsi müəyyən qədər prezidentin sərəncamı əsasında tikilən evlərin bölgüsü zamanı yol verilən ədalətsizliyə etiraz da sayıla bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?