Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov bir sıra şəxsləri, xüsusilə, KQB-nin sabiq əməkdaşı İlham İsmayılı ittiham edib.
Teleqraf.com xəbər verir ki, bu haqda prezidentin sabiq köməkçisi sosial şəbəkədə yazıb: “İlham İsmayıl mənə suallar ünvanlayıb. Öncə bildirmək istəyirəm ki, Əbülfəz Elçibəyi haqlı və obyektiv tənqid edən hər kəsə hörmətlə yanaşmışam və belə də davam edəcəyəm. Amma qərəz, təhqir və böhtanı da cavabsız buraxmayacam. İsmayılın yazısında qərəz olduğu üçün münasibət bildirmişdim. Bu qərəzin səbəbləri onu yaxından tanıyanlara bəllidir və cənab özü də kitabında, yazışmalarında bunu gizlədə bilməyib. Həm də bir ilkə imza atıb, məni tarixi saxtalaşdırmaqda ittiham edib.
KQB metodu dediyim budur, cənab İsmayıl. Atdığın iftiranı cəmiyyətin qəbul etməyəcəyini bildiyin halda, məni saxtakarlıqda ittiham edərək ləkə yaxmağa çalışmısan. Gəncə qiyamı ilə bağlı nə xarici, nə də özünə hörmət edən yerli bir analitik, araşdırma mərkəzi “Elçibəy Gəncə qiyamını planlayaraq hakimiyyəti başqasına ötürdü” kimi qənaətə gəlib. Bu, yalnız Azərbaycanda bir qrup qərəzli “Elçibəyşünasların” gəldiyi nəticədir. Baxmayaraq ki, ötən zaman ərzində Gəncə qiyamında hansı xarici və daxili güclərin iştirak etdiyi ilə bağlı xeyli faktlar-sənədlər ortaya çıxıb, amma “romantikaya qapılıb” “Heyvagülü” oynayanlar öz ampluasında qalırlar.
Nazirin təyinatı, Gəncədə uğursuz əməliyyat və s. kimi suallara cavabı bu hadisələrin iştirakçısı olan, məlumatlı dostlarından da ala bilərsən. Bir sual da mən sizə ünvanlayıram: İşdən çıxarılandan sonra nədən “Gəncə qiyamını planlayıb hakimiyyəti başqasına ötürdülər” deyə ittiham etdiyin Elçibəy hakimiyyətinin əsasını təşkil edənlərlə bir partiyada uzun müddət birgə fəaliyyət göstərdin?”.
Sorğu
Yeni dizaynımız necədir?