Dünən İsveçrənin dağ kurortu Davosda öz işinə başlayan Dünya İqtisadi Forumunun bir çox iştirakçıları dağlarda baş verən yol insidenti səbəbindən öz otellərinə qayıda bilməyiblər. Bu barədə Rusiya nümayəndə heyətindən olan hadisə iştirakçıları məlumat veriblər. Şahidlərin sözlərinə görə, bir-birindən 12 km. aralıda yerləşən Davos və Klosters kurortları arasındakı dağ yolu tamamilə bağlanıb. Forum iştirakçılarının əksər hissəsi Klostersdə qalır və forumun keçirildiyi Davosa xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə gəlirlər. Hadisə şahidlərinin sözlərinə görə, gecə dağ yolunda yüzə yaxın mikroavtobus və digər avtomobillərin iştirakı ilə böyük tıxac yaranıb, yolda hərəkət tamamilə dayandırılıb. Polis yalnız “təcili yardım” maşınlarını buraxır. İnsidentə nəyin səbəb olduğu hələ ki, məlum deyil. Bu il foruma rekord sayda – dünyanın 70 ölkəsindən 3 minə yaxın iştirakçı qatılacaq. Onların arasında 30 dövlət başçısı, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Böyük Britaniyanın baş naziri Tereza Mey də var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?