Yanvarın 31-i ölkədə fəaliyyət göstərən bir sıra müxalifət partiyaları Məhəmməd Əmin Rəsulzadənin Novxanıda abidəsi önündə anım toplantıları keçiriblər. “Biz millət olaraq çox şanslıyıq ki, Məhəmməd Əmin Rəsulzadə kimi tarixi şəxsiyyətimiz var. Ölkəsi uğrunda mübarizədə əzizlərini, hər şeyini itirib. Ancaq yolundan dönməyib. Bu gün Azərbaycanda milyonların sevgisinin tək ünvanı da məhz odur”. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı çıxışında belə deyib. Milli Şura Məhəmməd Əmin Rəsulzadənin doğum gününü onun Novxanıdakı abidəsi önündə qeyd edib. Ə. Kərimli soyuq havaya rəğmən yüzlərlə insanın anım tədbirinə qatılmasını onların qəlbindəki Rəsulzadə sevgisi ilə izah edib. “Onu sadəcə bir dövlət xadimi deyil, dövlətimizin qurucusu, gerçək milli liderimiz, böyük tarixi şəxsiyyət, siyasətçi, ideoloq, yazar, mütəfəkkir, tarixçi kimi qiymətləndirə bilərik. Ancaq ən əsası milyonların qəlbindəki sevgi onun bu dövlətin qurucusu olması ilə bağlıdır”. Ə.Kərimli qeyd edib ki, M.Ə.Rəsulzadə yalnız ona görə Azərbaycan dövlətinin qurucusu kimi tanınmır ki, onun sədrliyi ilə Milli Şura istiqlal bəyannaməsini elan edib: “Həm də ona görə ki, Azərbaycan məfhumunu siyasətə gətirmək, bir dövlətin adı kimi təqdim eləmək, onun muxtariyyəti, sonra da müstəqilliyi uğrunda mübarizənin önündə getmək məhz bu tarixi şəxsiyyətin işi idi. “İnsanlara hürriyyət, millətlərə azadlıq” ifadəsi ilə o, 100 il bundan sonranın da perspektivlərini görə bilmişdi”. Əli Kərimli Azərbaycan millətinin gerçək liderinin məhz M.Ə.Rəsulzadə olduğunu vurğulayıb. “O, təkcə böyük dövlət xadimi deyil, həm də mənəvi bir zirvədir. 20 əsrin sonunda başlayan xalq hərəkatından 28 il ötüb. Bizimlə eyni yolda yürüyənlərin sayı azalıb. Yıxılanı olub, tükənəni olub. Ancaq Rəsulzadə bu yola 17 yaşında başlamışdı, yorulmadı, tam 54 il Azərbaycan davasını davam etdirdi. Bununla da həm də bizim üçün əqidəyə sədaqət nümunəsi yaratdı”, deyən Ə.Kərimli M.Ə.Rəsulzadənin azərbaycanlılardan ötrü həm də fədakarlıq nümunəsi olduğunu qeyd edib. “Burda övladı həbsdə olanlar, işdən çıxarılanlar, öz baxışlarına görə, hökumətin olmazın məhrumiyyətlərinə məruz qalan insanlar var. Bizi bir araya gətirən də elə M.Ə.Rəsulzadənin yaratdığı nümunələrdir”. Ə.Kərimli çıxışının sonunda M.Ə.Rəsulzadənin əsasını qurduğu Azərbaycanın firavan bir ölkəyə çevriləcəyinə əminliyini ifadə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?