Milli Şura hakimiyyətə yox, vahid namizədə qarşı birləşdi
YAP sarayında inqilabi dəyişikliklər baş verdi; müxalifət isə köhnə qvardiya ilə döyüşə gedir
Azərbaycanın aylardır gözlədiyi an yetişdi. Cəmiyyətdə uzun müddətdir müzakirə olunan Milli Şura təsis olundu. Amma...əmması haqda bir qədər sonra. Paralel olaraq, lakin müxalifətdən fərqli hakimiyyət öz namizədini - gözlənilən şəxsi elan etdi.
MŞ nə istəyir?
Nə yubandı, nə buna qarşı çıxan oldu. İqtidarın vahid namizədi bəyan edildi. İlham Əliyev prezidentlik uğrunda növbəti dəfə yarışa girir. Alternativlər kim olacaq? - suala Milli Şuranın təsis yığıncağında cavab tapılmalı idi. Tapılmadı. Sadəcə, İctimai Palatanın adı dəyişib oldu Milli Şura. Müəyyən dəyişiklikləri nəzərə alsaq İP-dən heç nə ilə fərqlənmədi. Müxalifət tarixinə ilk dəfə belə geniş birliyə nail olduğunu güman edir. İntəhası qurumda təmsil olunanlar arasında yeni simaya, sürpriz ismə rast gəlmədik. Ayrı-ayrı partiyaların hər gün görməkdən gözümüzü yorduğu funksionerləri bir fərqli görkəmdə publika qarşısına çıxmışdılar. Nəzərlər Rüstəm İbrahimbəyovun vahid namizəd olacağına yönəlmişdi. O isə ən yaxşı halda qurumun sədri seçildi. Hətta onun dərhal namizəd elan olunmasını tələb edənlər oldu. Oyunpozanlıq isə aşkar şəkildə göz deşirdi. Kimlərin bu təklifə qarşı çıxdığı, planı alt-üst etməyə nail olduğu, təlimatların haradan gəldiyi, fikirlərin haçalandığı bəlli idi. Çətin ki, bundan sonra da MŞ-ın vahid namizədi olsun. Simvolik mənada olsa belə MŞ YAP-a cavab olaraq öz namizədini açıqlamalı idi. YAP öz sözünün üstündə durdu. MŞ isə ilk gündən geriyə addım atdı, ictimaiyyətin gözləntilərini dəfn etdi. İndi qurumun təsis olunmasını bayram edən MŞ-çılar bununla da problemin həll olunduğu gümanındadır. Görünən budur ki, qurum daxilində olan qüvvələrin əksəriyyəti vahid namizədə qarşı çıxdı. Müsavat Partiyasının öz namizədi olduğu üçün vahid namizədi dəstəkləyəcəyi ağlabatan görünmür. AXCP vahid namizəd istiqamətində loyal görünsə də, əslində Müsavatla arada olan narazılıqlar buna imkan vermir. YAP-da inqilabi dəyişiklik Qayıdırıq Yeni Azərbaycan Partiyasının dünən keçirilən V qurultayına. Qurultayda təşkilatı məsələlərə baxılıb və partiya sədrinə 4 müavin seçilib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, əvvəlki müavinlərdən Əli Əhmədov postunda qalıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, AMEA prezidenti Akif Əlizadə və baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov YAP sədrinin yeni müavinləri seçiliblər. YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Bu hadisə Naxçıvan klanının sıradan çıxarılması və Paşayevlərin YAP-da güclənməsi deməkdir. Hakimiyyət öz vahid namizədini elan etməklə yanaşı YAP-da Naxçıvan qruplaşması zəiflədildi. Faktiki hakimiyyət Paşayevlərin nəzarətindədir. Bu isə seçkidə öz təsirlərini göstərəcək. Qarşıda gərgin, maraqlı bir seçki marafonu izləyəcəyik. Sonra partiyanın Siyasi Şurasının 90 nəfərdən, idarə heyətinin 21 nəfərdən ibarət tərkibləri, partiyanın sədr müavinləri, icra katibi, icra katibinin müavinləri və mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan edib.
Misir Mərdanova YAP-dan zərbə Qurultay YAP İdarə Heyətinin tərkibində cüzi dəyişiklik edib. Belə ki, indiyədək İdarə Heyətində 19 nəfər təmsil olunurdusa, bundan sonra qurumda 21 nəfər olacaq. YAP-ın yeni sədr müavinləri Mehriban Əliyeva, Əli Həsənov və Akif Əlizadə avtomatik olaraq İdarə Heyətinə düşüblər. Əvəzində köhnə İdarə Heyətində yer alan sabiq təhsil naziri Misir Mərdanov qurumdan kənarlaşdırılıb. Xəbəri YAP-dan təsdiqləyiblər. Eyni gündə təsis olunan Milli Şuraya isə YAP-dan münasibət bildirilib. YAP-çı deputat Siyavuş Novruzov qeyd edib ki, bu anti-milli Şuradır: “Bəzi müxalifətdə olan şəxslərin cəmləşdiyi və bu gün təsis edilən Milli Şura adı milli olsa da, anti-milli Şuradır. Milli Şurada toplaşanlar bütün partiyaları dəyişmiş, gündə bir təşkilatda olan anti-milli üzvlərdir. İstəyir təsis olunsun, istəyir təsis olunmasın - bu Milli Şuranın heç bir perspektivi yoxdur. Onlar gündə bir partiya gəzən adamlardır, bu xalq üçün onların heç bir perspektivi yoxdur”. “91”lər üsyan edir
Partiya yetklilərindən biri mia.az-a deyib ki, partiyada icra katibi postunun ləğv edilməsi də gündəmdədir: «Bilirsiniz ki, partiyamızda Əli Əhmədovun rəhbəri olduğu icra katibi postu var. İndi bu vəzifəsinin də struktur islahatı çərçivəsində ləğvi gündəmdədir. Güman ki, partiyada aparılan dəyişikliklə əlaqəli olaraq həmin vəzifə aparat rəhbəri postu ilə əvəzləşdiriləcək. Bu vəzifəyə isə deputat Siyavuş Novruzovun gətiriləcəyi gözlənilir. Amma etiraf etmək lazımdır ki, onun yeni vəzifəyə gətirilməsini istəməyənlər də var. Partiyada bir çoxları hesab edir ki, həmin vəzifəyə Siyavuş Novruzov deyil, onlar layiqlidir. Rəqibləri Novruzovun təşkilati şöbənin rəhbəri vəzifəsində olmasını daha məqbul sayırlar. Onu da deyim ki, aparat rəhbərinə iki müavin postunun təsis olunması da gözlənilir”. “91-lər”dən olan Əli Əlirzayev isə bildirib ki, onu qurultaya dəvət eləməyiblər: “Keçmişini bəyənməyən gələcəyinə güllə atar. Bu partiyanın yaranmasında bizim xidmətlərimiz olub. Onu heç kim dana bilməz. Bunu Allah da bağışlamaz. Biz bu partiyanı yaradanda heç düşünməmişdim ki, mənə vəzifə verəcəklər. YAP-ı yaradandan 5-6 il sonra mən deputat olmadım. İndi bizi yada salmamaq Heydər Əliyevin ruhuna xəyanətdir”. Ə.Əlirzayev bildirib ki, YAP-da köhnə Heydər Əliyevçilərin kənarlaşdırılması siyasəti aparılır: “Vəzifədə olanların hamısı özlərini yeni Heydər Əliyevçilər kimi təqdim edirlər. Bütün günü “ulu öndərimiz” deyib Heydər Əliyevin adından istifadə edirlər. Onlar elə hesab edirlər ki, Heydər Əliyevə, onun varisinə, siyasətinə daha sədaqətlidirlər, biz isə guya müəyyən mənada köhnəlmişik. Amma mən heç kimlə qarşıdurmaya getmirəm, mübahisə də etmirəm. Mən öz gördüyüm işlərlə fəxr edirəm, buna uyğun olaraq da xalqın qarşısında bir titul istəyirəm. İndi bunu kim verir, kim vermir - bunu hamı bilir. Bu, yəqin ki, yüksək səviyyədə olan işlərdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?