Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində GUAM-ABŞ görüşündə iştirak edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüşün yekunu olaraq "GUAM-ABŞ Birgə Bəyannaməsi" qəbul edilib. Sənəddə GUAM-ın ABŞ-la səmərəli əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğu ifadə olunub. Həmçinin, sənəddə regionda sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığın qorunub-saxlanmasının geniş regional konteksdə bütün dövlətlər üçün ortaq təhlükəsizlik məkanının yaradılması istiqamətində birgə səylərin mühüm elementi olduğuna dair ortaq mövqe bir daha bəyan edilir. Bəyannamədə GUAM regionunda münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətində irəliləyişin labüdlüyü vurğulanır və GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqlik bir daha bəyan edilir. Həmçinin GUAM-a üzv dövlətlərin məruz qaldığı gücdən istifadə təhdidinin əsas narahatlıq olaraq qaldığı bildirilir. Sənəddə BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə hörmət etməyə dair öhdəliklər və ATƏT-in fundamental sənədlərinə sadiqlik bir daha xatırlanılır. GUAM 1997-ci ildə regional birlik kimi yaradılıb. Təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir. /amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?