Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) bəyanat yayıb. Modern.az-ın məlumatına görə, Milli Şuranın bəyanatında siyasi baxışlarına görə müxalifətçilərin həbs edilməsi, eks-deputat Hüseyn Abdullayev və polvoknik İsa Sadıqovun beynəlxalq axtarışa verilməsi pislənilib:
“Bu ilin əvvəlindən hakimiyyətin siyasi fəaliyyətin məhdudlaşdırması, siyasi baxışlarına görə insanların təqib edilməsi istiqamətində başlatdığı siyasət davam etməkdədir. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun və “Real” Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun İsmayıllı hadisələrinə görə ittihamlandırılaraq həbs olunması, daha sonra “NİDA” Gənclər Hərəkatının üzvlərinin həbsi ilə davam etdi. Bir müddət əvvəl səsələndirdiyi fikirlərə görə, tanınmış hüquqşünas Qurban Məmmədov qondarma ittihamlarla azadlıqdan məhrum edildi. İqtidarın yürütdüyü repressiya siyasəti nəticəsində Tural Həsənzadə, Daşqın Məlikov, İlqar Rzayev, Hilal Məmmədov, Nigar Yaqublu, Əvəz Zeynallı, Nemət Pənahlı, Tale Bağırzadə, Abgül Süleymanov, Mövsüm Səmədov, İlham Əmiraslanov, İlkin Rüstəmzadə, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənov, Şahin Novruzlu, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşadət Axundov, Nicat Əliyev məhz siyasi baxışlarına görə azadlıqdan məhrum ediliblər.
Hazırda hakimiyyət yeni repressiya dalğasına start verib. Hakimiyyət seçki öncəsi təqiblərini davam etdirərək, Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov haqqında Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi açaraq, Lənkəran rayon məhkəməsi istintaq orqanının təqdimatına əsasən onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
Milli Şura Y.Sadıqovun şərlənərək həbs olunmasını Müsavat ideyalarını Lənkəran və ətraf rayonlarda yorulmadan ardıcıl olaraq təbliğ etməsinə cavab olaraq hakimiyyət tərəfindən həyata keçirildiyini və bu həbsin siyasi xarakterli olduğunu bildirir. Milli Şura eyni zamanda keçmiş deputat Hüseyn Abdullayev, keçmiş korpus komandiri İsa Sadıqov barəsində qaldırılmış cinayət işlərini, Prezident apparatı işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyevin həbsini hakimiyyətin cəmiyyətdə xof yaratmaq, toplumda siyasi aktivliyin qarşısının alınmasına cəhd kimi dəyərləndirir. Milli Şura Azərbaycan hakimiyyətinin siyasi oponentlərinə və müstəqil mövqedə çıxış edən siyasi-ictima xadimlərə qarşı yol verilən qanunsuzluqları pisləyir və siyasi motivlərlə həbsə atılanların dərhal həbsdən azad olunmasını, siyasi təzyiqlərə son qoyulmasını tələb edir. Milli Şura bəyan edir ki, hakimiyyətin demokratik qüvvələrin Azərbaycanda azad və ədalətli seçkilər uğrunda mübarizəsinin qarşısını siyasi repressiyaları gücləndirməklə almaq heç bir nəticə verməyəcək”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?