Tofiq Yaqublunun və İlqar Məmmədovun həbsi ilə bağlı İP Koordinasiya Şurası bəyanat yayıb. Bəyanatda deyilir: “İctimai Palata Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublunun və ölkənin vətəndaş cəmiyyətinin tanınmış xadimlərindən biri, “Real” vətəndaş hərəkatının sədri İlqar Məmmədovun İsmayıllı hadisələrinə görə ittihamlandırılaraq həbs olunmasını vəziyyətə nəzarəti itirməkdən vahimələnmiş İlham Əliyev iqtidarının növbəti siyasi repressiya tədbiri kimi qiymətləndirir. İsmayıllı əhalisinin məmur oliqarx əsarətinə, zülmə, ədalətsizliyə qarşı haqlı etirazına qulaq asmaq, bu etiraza səbəb olmuş məsələləri həll etmək, harınlamış məmurları cəzalandırmaq, insanlarla dialoq aparmaq əvəzinə ismayıllıları, jurnalistləri, vətəndaş cəmiyyəti və siyasi partiya liderlərini həbs etməsi göstərir ki, iqtidar hələ də reallıq hissindən uzaqdır və repressiya vasitəsi ilə hakimiyyətdə qalmaq kimi ağılsız, fəlakətli kursu davam etdirəcəkdir. İP KŞ bəyan edir ki, Tofiq Yaqublunun və İlqar Məmmədovun həbsinə sıradan bir repressiya aktı kimi baxmır və bunu hakimiyyətin bütün müxalifətə və demokratik düşərgəyə, hüquqa və qanunlara meydan oxuma addımı kimi qəbul edir və bundan lazımi nəticələr çıxaracaqdır. Açıq - aydın görünür ki, son dövrdə korrupsiya və siyasi qalmaqallarla sarsılan iqtidar dairələri özlərini xilas etmək üçün gərginlik və qarşıdurma xəttini reallaşdırmaqdadırlar. İP KŞ bu üsulla xalqın azadlıq hərəkatının qarşısının alması cəhdlərinin əbəs olduğunu qeyd edərək, bu bədnam hadisəni pisləyir, Tofiq Yaqublunun və İlqar Məmmədovun dərhal azad olunmasını tələb edir. İctimai Palatanın Koordinasiya Şurası”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?