“ABŞ hakimiyyətlərin qanunlardan öz fundamental azadlıqlarını gerçəkləşdirməyə can atan ayrı-ayrı şəxslərin cəzalandırılması üçün istifadə etməsi faktlarından narahatdır”.
ATƏT-in insan ölçüsü üzrə Varşava şəhərində keçirilən illik toplantısındakı çıxışında ABŞ nümayəndə heyətinin rəhbəri Maykl Kozak belə deyib. Bu haqda ABŞ-ın ATƏT-dəki missiyasının açıqlamasında bildirilir.
O vurğulayıb ki, məhkəmə sistemi azadlığı demokratik idarəetmənin mühüm atributudur. Fundamental azadlıqların ciddi pozulduğu ölkələri sadalayan Maykl Kozak Rusiya, Türkiyə və Azərbaycanın da adlarını çəkib.
“Siyasi motivli təqiblər Azərbaycanda ədalət mühakiməsinin müstəqil olmasına şübhə doğurmaqda davam edir. Tanınmış müxalifətçi lider İlqar Məmmədov beş il yarım müddətinə həbsdə qaldıqdan sonra avqust ayında Apellyasiya Məhkəməsi onu iki il inzibati nəzarət altında olmaqla azadlığa buraxıb”.
ABŞ rəsmisi Azərbaycan hökumətinə səslənib:
“Biz Azərbaycan hakimiyyətini, öz fundamental azadlıqlarını gerçəkləşdirmək istəyinə görə, həbs olunanları azad etməyə, İlqar Məmmədov və digər müxalifət xadimlərinin, əsasən Əli Kərimli, vəkil İntiqam Əliyev, jurnalist Xədicə İsmayılovanın xaricə çıxışına qadağanı aradan qaldırmağa çağırırıq. Biz həmçinin, hakimiyyəti yerli həbsxanalarda işgəncə faktlarını hərtərəfli araşdırmağa dəvət edirik. Məsələn, tanınmış bloqqer Mehman Hüseynov polisdə işgəncələrə məruz qaldığını bəyan etdikdən sonra araşdırma aparılmayıb, əksinə, onu böhtanda ittiham edərək iki il həbs ediblər”, Michael Kozak bildirib.
O eləcə də "Müsəlman Birliyi" Hərəkatının təmsilçiləri Abbas Hüseynov və Cabbar Cabbarovun həbsxanada işgəncələrə məruz qalması ilə bağlı şikayətlərinə diqqət çəkib.
ATƏT-in insan ölçüsü üzrə illik toplantısı ənənəvi olaraq Varşava şəhərində keçirilir.
Builki müzakirələr sentyabrın 10-da başlayıb. Tədbir sentyabrın 21-də yekunlaşacaq.
Ötən həftə keçirilən müzakirələrdə Azərbaycanda vəkillik institutunun durumu da müzakirə mövzularından olmuşdu.
Xatırlatma
"Müsəlman Birliyi" Hərəkatının təmsilçiləri Abbas Hüseynov və Cabbar Cabbarov Nardaran hadisələrində (5 nəfər qətlə yetirilib) qətl və bir sıra ağır cinayətlərdə ittiham ediliblər.
Abbas Hüseynov 20, Cabbar Cabbarov isə 19 il həbs cəzası alıb. Onlara qarşı ittihamları qurama sayan bu şəxslər saxlanarkən və həbsdə olarkən ağır işgəncələrə məruz qaldıqlarını açıqlayiblar. Amma məhkəmədə şahid qismində çıxış edən hüquq mühafizə əməkdaşları bu iddiaları təkzib ediblər.
İlqar Məmmədov isə 2013-cü ildə İsmayıllıda baş verən hadisələrə görə, iğtişaşda ittiham edilərək 7 il həbs cəzası almışdı. O da ittihamı qəbul etmirdi.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ümumvətəndaşlıq posportu ala bilmir. Hüquq müdafiəçisi İntiqam Əliyev və araşdırmaçı jurnalist Xədicə İsmayılova isə vergidən yayınma və başqa ittihamlarla həbs ediliblər.
Onlar vaxtından əvvəl azadlığa buraxılsalar da ölkədən çıxışlarına qadağa qalır. Bu hər iki şəxs də ittihamları böhtan və siyasi motivli sayirlar.
ATƏT toplantısında səslənən tənqidi fikirlərə isə hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb. Ancaq Azərbaycan rəsmiləri ölkədə məhkəmələrin müstəqil olmaması, insanların siyasi motivlərlə həbs edilməsi ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, Azərbaycanda siyasi məhbus hesab edilən şəxslər konkret əməllərinə görə, məsuliyyətə cəlb ediliblər.
Azərbaycan rəsmiləri təcridxana və cəzaçəkmə müəssisələrində siyasi məhbus sayılan şəxslərə işgəncə verilməsi ilə bağlı iddiaları da qəbul etmirlər./AzadlıqRadiosu
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?