Monitorinq sistemi Ermənistanın yaralı yeridir və onlar çalışırlar ki, bu sistem vasitəsilə bütövlükdə cəbhədə tam sakitlik bərpa edilsin, Azərbaycan ordusunun əl-qolu bağlansın.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli aprelin 15-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskva görüşü barədə danışarkən deyib.
O, görüş zamanı ciddi irəliləyişlər əldə edilmədiyini bildirib:
“Sadəcə olaraq təmas xəttində monitorinq sisteminin təkmilləşdirilməsi, əsir düşmüş, girov götürülmüş şəxslərlə onların yaxınları arasında danışıqlar sisteminin təşkili barədə fikir mübadiləsi aparılıb və razılığa gəlinib.
Ermənilər torpaq, sülh əvəzinə, onlara sərf edən məsələlər barədə danışıqlar aparmağa çalışırlar.
Humanitar addımlar sisteminə daxil olan ən mühüm məsələlərdən biri kənd təsərrüfatı sistemində çalışan adamların iş prosesi zamanı təhlükəsizliyinin təmin edilməsidir. Bu mövzu müzakirə olunub. Dağlıq Qarabağ bölgəsində bu saat həlli ən vacib olan məsələ sudur. Ermənilər Sərsəng su anbarının ağzını kəsərək, bir neçə rayonun su təchizatını illərdir dayandırıblar. Bu səbəbdən kənd təsərrüfatına, orada yaşayan əhaliyə çox böyük ziyan vurulur. Hətta iki il bundan əvvəl Avropa Şurası bunu müzakirə edərək, ermənilərin azərbaycanlılara qarşı su soyqırımı apardığını bəyan etmişdi.
Zənnimcə, Sərsəng su anbarı ilə bağlı maneənin aradan qaldırılması, Goranboya, Tərtərə, Bərdəyə və Ağdam rayonlarına su verilməsi məsələsi tələb edilsəydi, daha yaxşı olardı. Çünki Azərbaycan kənd təsərrüfatının üzləşdiyi əsas problemlərdən biri budur. Humanitar məsələlər müzakirə olunursa, birinci növbədə su və azərbaycanlı əsir və girovların qaytarılması müzakirə edilməlidir. Humanitar məsələləri daha kəskin şəkildə qaldırmaq və tələblər irəli sürmək lazımdır.
Ümumiyyətlə, Ermənistan əsirlərin dəyişdirilməsi məsələsində də hiyləgərlik edir. Qazax rayonundan İcevana keçmiş ruhi xəstə əsirlə özlərinin kəşfiyyatçısını dəyişmək istəyirlər”.
Ekspertin fikrincə, Rusiya Qarabağ probleminin həllində aktiv rol oynamır, əksinə sülh prosesini ləngidir:
“Rusiya sadəcə olaraq Qarabağ məsələsini öz inhisarında saxlamaq, bu problemin həlli əvəzinə oradakı status-kvonu və regiondakı əhatə dairəsini qorumaq istəyir.
Gözləyirdim ki, gündəmə torpaqların qaytarılması ilə bağlı məsələlər çıxacaq, prosesi sülhə doğru aparan kardinal addımlar atılacaq. Bunların heç biri baş vermədi. Lavrov uzun müddətdir özünün “Lavrov planı” haqqında danışır. Heç olmasa, o planı gündəmə gətirsəydilər, yaxşı olardı.
Moskva Ermənistanı qoruyur və bunu gizlətmir. Danışıqlar prosesindəki status-kvonu dəyişmək istəyi imitasiya xarakterli addımdır. Lazım olmayan və ya Azərbaycanı daha az maraqlandıran məsələləri ortaya atır, problemin həllinə lazım olan məsələləri isə gündəmə gətirmir.
Moskvanın budəfəki addımı bundan əvvəlki addımlarından qat-qat zəif idi. Belə təəssürat yaranır ki, Moskva doğrudan da bölgədə sülhə doğru addımlar atılmasını istəmir, buna mane olur”.
Qeyd edək ki, aprelin 15-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Moskvada görüşü bş tutub. Azərbaycan jurnalistlərinə müsahibəsində Xarici İşlər naziri Elmar Məmmədyarov görüşün faydalı keçdiyini, indiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdiklərini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?