Daxili ziddiyyətlər Ermənistanı getdikcə daha güclü şəkildə içəridən “yeməkdədir”. İnqilabdan bir ildən çox ötməsinə rəğmən, düşmən ölkə hələ də sabitliyə qovuşa və vəd edilən inkişaf yoluna çıxa bilməyib. Ona görə ki, yeni rəhbər - baş nazir Nikol Paşinyan da Ermənistan ətrafında sərt gerçəyi dəyişməyi bacarmayıb: ölkə həll olunmamış Dağlıq Qarabağ probleminin girovu olaraq qalmaqda, Qarabağa görə ağır blokadanın girdabında çabalamaqda davam edir.
Mövcud durumda istənilən köklü islahat cəhdi iflasa məhkumdur. Ermənistanın inqilabçı rəhbərliyi isə reallığı dərk eləmək, “atı arabanın arxasından açıb qabağına qoşmaq” əvəzinə, yenə populist bəyanatlarla ac-yalavac cəmiyyəti “doydurmağa” çalışır. Belə bəyanatlar isə adətən qısa perspektiv üçün uğurlu olur. Enində-sonunda narazı əhali mütləq real iş tələb edəcək, hesab istəyəcək, “Nədən inqilab da güzəranımızı yaxşılaşdırmadı” kimi qanqaraldıcı suallar qoyacaq, ayağa qalxacaq. Proses buna yön almaqdadır.
Otən şənbə - iyunun 1-də, Nikol Paşinyanın doğum günündə “Adekvad” təşkilatı İrəvanda Paşinyan əleyhinə etiraz aksiyası təşkil edib. Etirazçılar İrəvanın və daha 12 şəhərin mərkəzi küçələrindəki asfalta “Yalançı Nikol” qrafitiləri yerləşdiriblər. Təşkilat aksiyanı “Yalanın doğuluşu” adlandırdığını bildirib. Aksiyaçılardan 29 nəfər həbs edilib.
***** Şübhəsiz, Paşinyan situasiyanın fərqindədir. O səbəbə özünü sığortalamağın yollarını arayır, ittihamlardan yayınmaq üçün ictimai diqqəti az əhəmiyyətli, 2-ci, 3-cü dərəcəli amillərə yönəltməyə cəhd edir. Nə qədər qəribə görünsə də, Ermənistanda həm Rusiya, həm də Qərb əleyhinə narazılıqların eyni vaxtda özünü büruzə verməsi bunun təzahürü sayıla bilər.
Məsələn, ötən həftə sonu İrəvanda “Soros fondu”na qarşı etiraz aksiyası keçirilib. Ofis qarşısında aksiyanı “Veto” ictimai-siyasi hərəkatının üzvləri təşkil ediblər. Onlar fondun və onunla əlaqəli qurumların fəaliyyətinin qadağan edilməsini tələb ediblər. “Veto”nun rəhbəri Narek Malayan aksiyada bəyan edib ki, Ermənistan hökuməti Fonddan göstərişlər alır, buradan media vasitəsilə ən çirkin hücumlar edilir, hüquq-mühafizə orqanlarına qara yaxılır. O iddia edib ki, Fond Ermənistanda vətəndaş müharibəsi və qanlı qarşıdurmalara təhrik edir.
Paralel surətdə Rusiyaya qarşı etirazlar böyüməkdədir. O sırada erməni mediasında Rusiyadan narazı ovqat özünü getdikcə daha qabarıq şəkildə göstərməkdədir. Bu, əlbəttə ki, Kremlə qarşı açıq nankorluqdur. Çünki Qafqazda Ermənistan adlı saxta dövlətin, ümumiyyətlə, ermənilərin varlığı Rusiyaya birbaşa bağlıdır. Günü bu gün vassal Ermənistanın Türkiyə və İranla sərhədlərini rus əsgərləri qoruyur, İrəvan məhz Kremlə arxayın olaraq, Dağlıq Qarabağın, Azərbaycanın digər ərazilərinin işğalını davam etdirir, hətta Azərbaycanı yeni ərazi işğalı ilə təhdid edir. Halbuki hərbi ekspertlərə görə, Rusiya Ermənistanın arxasından çəkilsə, Azərbaycan işğalçının işini bir həftəyə bitirər...
*****
Bu xüsusda Moskvanın və bütün Rusiyanın patriarxı Kirilin açıqlaması diqqət çəkir. “Yeni Müsavat”ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Ermənistandakı son olaylara münasibət bildirən patriarx yaxın tarixə qısa ekskurs edərək, ermənilər haqda olduqca sərt ifadələr işlədib.
“Erməni dövləti yaranan andan biz bu xalqı müdafiə edirik - hansı ki, hətta heç pravoslav da deyil. Biz Ermənistanı həmişə rus dövlətinin bir hissəsi hesab eləmişik və katolik erməniləri göz bəbəyimiz kimi qorumuşuq. Belə qəliz coğrafiyada o, (Ermənistan - ”YM") Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə diqqət edin, necə də hər şey kəskin dəyişir və yaxşılıq necə də sərt formada və həyasızcasına unudulur. Sən demə, biz erməniləri istismar eləmişik və onların bu gün malik olduqlarını onlara verməmişik. Ermənilər vaxtilə onları taleyin ümidinə buraxmış ölkələrin felinə gedirlər. Erməni xalqına sülh arzulayıram. Ancaq onlar bir həqiqəti unutmasınlar: Rusiyasız onlar bu torpaqlarda çox mövcud olmayacaqlar - hansı torpaqlar ki, onların xilaskarlarının, rus pravoslav əsgərlərinin qanı ilə suvarılıb".
*****
Öz növbəsində rusiyalı tanınmış analitik Vitali Arkov hesab edir ki, Paşinyanın iqtidarı uzun sürməyəcək. Bu barədə o, axar.az-a müsahibəsində deyib.
“Onun Ermənistanın rəhbəri postunda uzun müddət qalmayacağı aydındır: ənənəvi dəyərlərin (o cümlədən ailəvi əsasların - Ermənistanda hazırda buna qarşı da fəal iş aparılır) dağıdıcısı kimi istifadə edib, sonra da onu siyasi boşluğa yollayacaqlar. Bu baxımdan Paşinyan nə ilk, nə də sonuncudur. Əlbəttə, çox istərdik ki, Ermənistanın özünün də bir vaxtlar qonşu Azərbaycanda olduğu kimi, ölkənin dirçəlişini və millətin birləşdirilməsini başlatmaq iqtidarında olan Heydər Əliyevi peyda olsun. Bu gün Azərbaycan - Cənubi Qafqazın lideri, böyük güclərin bərabərhüquqlu tərəfdaşıdır” - Arkov qeyd edib.
Onun qənaətincə, hazırda Moskva ilə İrəvan arasında birinci şəxslərin iştirakı olmadan həlli mümkünsüz olan bir çox problem var. “İrəvanda cari ilin 1 oktyabrında Putini gözləyirlər. Rusiya liderinin həmçinin Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində bu səfəri baş tutacaq. Aydındır ki, ev sahibliyi edən tərəfə hörmətinə görə Putin Paşinyanla görüşəcək. Əlbəttə ki, əgər o vaxtadək erməni xalqının Paşinyanın boş vədlərinə qarşı artan narazılığı və həyat səviyyəsinin aşağı enməsi yeni inqilaba gətirib çıxarmasa”, - deyə o qeyd edib.
Rusiyalı ekspertin sözlərinə görə, bu gün Paşinyan ilk növbədə mehriban qonşuluğu öyrənməlidir. “Ən əvvəl də Azərbaycanla. Qarşıdurmadan mehriban qonşuluğa keçid prosesi nə qədər çətin və uzun olsa da, ona başlamaq həyati vacibdir. İkincisi isə Ermənistan həqiqi müttəfiq olmağı bacarmaqdır. Belə olan halda hansı etibardan söhbət gedə bilər?” - ekspert fikrini tamamlayıb.
*****
Ermənilərin əsas problemi də odur ki, onlar nə düz-əməlli etibarlı müttəfiqdirlər, nə də normal və güvənilən qonşu. Azərbaycan və Türkiyə timsalında öz qonşularına, Rusiya timsalında isə müttəfiq və xilaskarına xəyanət xətti hələ də bədnam qonşularımızın kredosu olaraq qalır. Demək, Ermənistanı daha taqətsiz hala salacaq, onun sonunu yaxınlaşdıracaq inqilabların ardı gələcək.../musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?