Deputat Çingiz Qənizadə: “Azərbaycandakı prezident seçkilərinə müdaxilə etmək istəyən xarici qüvvələr var”
Araşdırmaçı-jurnalist Eynulla Fətullayevin avqustun 12-də işıq üzü görmüş “İlham Əliyevə qəsdin üstü açıldı” adlı yazısı ictimai rəydə geniş rezonansa səbəb oldu. Ölkə gündəmini bir anda dəyişən bu yazı ciddi müzakirələrə səbəb oldu.
Yazıya ilk fikir bildirənlərdən biri də deputat Çingiz Qənizadə olmuşdu. O, bu məqalə və orada yer alan fikirlərlə bağlı ANS-ə ilk açıqlamasında bunu jurnalist təxəyyülünün məhsulu adlandırmış və həmin sensasion fikirləri ciddiyə almadığını qeyd etmişdi.
Amma deputat qafqazinfo.az saytına verdiyi müsahibəsində fərqli fikirlər səsləndirib. Deputat açıqlamasında E.Fətullayevin ittihamlarının ciddi olduğunu və hansısa mənbəyə əsaslanaraq söylədiyini bildirib: “Mən Eynulla Fətullayevi ciddi insan kimi qəbul etmirəm. Onu həm də ağılsız adam kimi qəbul etmək olmaz. Lakin onun hansısa mənbəyə söykənərək yazdıqları çox ciddi ittihamlardır. Belə hesab edirəm ki, yazıda adları çəkilən şəxslər - Abbas Abbasov, Eldar Həsənov və qeyriləri bu ittihamlara aydınlıq gətirməlidirlər. Əgər onlar bu ittihamları qəbul etmirlərsə, bu halda məhkəməyə müraciət etməlidirlər və məsələyə məhkəmə səviyyəsində aydınlıq gətirilməlidir. Azərbaycanın hüquq-mühafizə orqanları ayıq-sayıqlığını itirməyiblər. Belə hərəkətlər və cəhdlər nəzarətdən kənar deyil və zamanı gəldikdə hər bir hərəkətə hüquqi qiymət veriləcək. Kimliyindən asılı olmayaraq Azərbaycanda işləyib pul-sərvət toplamış, vəzifə tutmuş şəxslərin dövlət və hakimiyyət əleyhinə hər hansı mövqe nümayiş etdirməsini nəinki qanun, heç Allah da qəbul etməz”.
Ç.Qənizadə müsahibəsi zamanı Moskvada Azərbaycanla bağlı siyasi oyunların getdiyini də təsdiqləyib: “Mən inanmıram ki, hansısa adamlar verilən vədlərə uyub bəzi qanunsuz addımlara cəhd eləsinlər. Hətta cəhd eləsələr belə bunun heç bir nəticəsi ola bilməz. Mən Rusiyanı hansısa hərəkətdə ittiham etmirəm. Lakin mətbuatda gedən məlumatlar, ayrı-ayrı adamların Rusiyaya gedib Azərbaycana gəlməsi, müxtəlif bəyanatlar verməsi göstərir ki, həm Azərbaycan daxilində, həm ölkə xaricində qarşıdan gələn prezident seçkilərinə müdaxilə etmək istəyən qüvvələr, dövlətlər və onların emissarları var. Bizim yaxın qonşularımızın nəsə bir marağı var ki, Azərbaycan seçki prosesinə hər hansı bir müdaxilə etsinlər. Ayrı-ayrı ittifaqlar yaradılır, müəyyən qrupların “əl”i ilə aksiyaların keçirilməsinə cəhdlər edilir”.
Ayrı-ayrı dövlətlərin, bəzi dövlətlərdəki müəyyən qrupların builki seçkilərə müdaxilə etməyə cəhd edəcəklərini deyən deputat bu cür yolların qanunla yolverilməz olduğunu söyləyib: “Kənardan ölkə daxilindəki proseslərə müdaxilələr etmək, hansısa qruplara yardımlar etmək Azərbaycan qanunvericiliyi ilə qadağan olunub. Həm də bu dövlətlərin vədlərinə uymaq istəyən ayrı-ayrı adamlara müraciət etmək istəyirəm ki, bu hərəkətlər cinayət xarakterli hərəkətlərdir, kənardan dəstək almaq, onun müqabilində burda hansısa tədbirlərə, cəhdlərə əl atmaq olmaz. Onsuz da bu cəhdlərin heç bir mənası yoxdur. Hesab edirəm ki, seçkilər normal şəraitdə keçiriləcək, xalq öz seçimini edəcək. Kənar müdaxilələr isə hər zaman olub, bu dəfə olsa belə yenə də uğursuzluğa düçar olacaq. Mən heç cürə qəbul edə bilmirəm ki, dostum Pənah Hüseyn demişkən, Azərbaycan müxalifəti ssenarisi başqa dövlətdə yazılmış siyasi oyunların iştirakçısına çevrilsin”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?